Xəbər lenti

Bakı-Tiflis qatarının fəaliyyətə başlaması turizmə necə təsir edəcək?
Ekonomiks 14:41 19.05.2026

Bakı-Tiflis qatarının fəaliyyətə başlaması turizmə necə təsir edəcək?

"Bakı-Tiflis-Bakı istiqamətində gündəlik sərnişin qatarlarının yenidən fəaliyyətə başlaması Azərbaycan turizmi üçün çox mühüm hadisədir".

Bunu Qaynarinfo-ya turizm eksperti Əziz Şiriyev mayın 26-dan Bakı-Tiflis-Bakı istiqamətində sərnişin qatarlarının yenidən fəaliyyətə başlamasının turizm sahəsinə təsirlərindən danışarkən deyib.

Əziz Şiriyev bildirib ki, bu qərar həm ölkəyə səfər edən turistlərin, həm də xaricə getmək istəyən vətəndaşların sayında artıma səbəb olacaq:



"İnsanların əksəriyyəti xarici ölkələrə səfər etmək istəyərkən aldıqları tur paketlərinin əsas hissəsini hava nəqliyyatı xərcləri təşkil edir. Buna görə də insanlar hər zaman alternativ yollar axtarırlar. Qonşu Gürcüstana səfər etmək istəyən vətəndaşlarımızın sayı çoxdur. Qatar xəttinin açılması sevindirici haldır. Düşünürəm ki, mayın 26-dan etibarən vətəndaşlarımız Gürcüstana rahat şəkildə səfər edəcəklər. Oradan da Türkiyəyə gedə biləcəklər. 

Bu, çox yaxşı təşəbbüsdür. Yaxın vaxtlarda həm ölkəyə gələn turistlərin, həm də vətəndaşlarımızın xarici ölkələrə səfərlərində artım müşahidə olunacaq. Çünki qatar biletləri ilə təyyarə biletləri arasında ciddi qiymət fərqi var. Bu fərq istər-istəməz turist sayının artmasına təsir göstərəcək. Yaxın gələcəkdə regional, iqtisadi və sosial məsələlər həll olunduqdan, quru sərhədlər də açıldıqdan sonra bu artımın ikiqat təsirini görəcəyik".

Qeyd edək ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş çərçivəsində iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb. Razılaşmaya əsasən, Bakı-Tiflis-Qars dəmir yolu xətti üzrə Bakı–Tiflis–Bakı marşrutunda gündəlik sərnişin qatarlarının fəaliyyəti mayın 26-dan etibarən bərpa olunur.
 
Günay İlqarqızı

--> -->