Xəbər lenti

Siyasət 15:15 25.10.2024

"Azərbaycan BRİCS-ə qoşulmaq niyyətindədir, lakin..." - Ekspert

"Azərbaycan BRİCS-ə tam hüquqlu üzv olma niyyətini qoruyub saxlayır, amma tərəfdaşlıq səviyyəsini qəbul etməyib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov BRİCS-in Kazan sammitində 13 ölkəyə tərəfdaşlıq statusunun verilməsi və Azərbaycanın bu sırada yer almaması səbəbindən danışarkən deyib. 

Həmsöhbətimizə görə, gözləntilərin əksinə olaraq sammitdə quruma yeni ölkələrin qəbul edilməməsi üzv ölkələr arasında yaşanan ziddiyyətlərdən qaynaqlanır:

"BRİCS sammitində quruma yeni üzvlər qəbul edildi. BRİCS-in əsas üzvləri olan 5 ölkə - Braziliya, Çin, Hindistan, Cənubi Afrika və Rusiya arasında ümumi olaraq belə bir fikir formalaşıb ki, qurumun yeni üzvlərlə genişlənməsi məqsədəuyğundur. Lakin bu dövr ərzində həmin 5 ölkə arasında fikir ayrılıqları yarandı. BRİCS-in dialoq platforması, görüş klubundan daha yüksək səviyyəli strukturlaşma pilləsi olan təşkilat platformasına transformasiyası bu 5 dövlət yekdil qərara gələ bilmədilər. Qurumda qərar qəbul etmə mexanizmi konsensus üzərində qurulub. Ölkələrdən birinin "yox" deməsi qərarın qəbul edilməməsi anlamına gəlir. Eyni zamanda, BRİCS-in alt strukturları hələ formalaşma ərəfəsindədir. Bank formalaşıb, nəqliyyat, sosial, humanitar məsələlər üzrə isə alt komitələr hələ formalaşmaqdadır. Kazan görüşündə ziddiyyətlərin yüksək səviyyəyə çatması səbəbindən də, bəzi ölkələr artıq yeni üzvlərin qəbul edilməsinə qarşı çıxdılar. Məlumatlara görə, bu rolda çıxış edən də əsasən Hindistan olub. Nəticədə qərar qəbul edildi ki, tərəfdaşlıq institutu formalaşsın".
 


Həmsöhbətimiz qeyd edib ki, BRİCS-də tərəfdaş ölkələrin hansı hüquq və səlahiyyətlərinin olacağı hələ məlum deyil:

"Azərbaycana gəlincə, ölkəmizin BRİCS-ə qoşulmaq istəyi ilk növbədə rəsmi dairələr, Milli Məclisin spikeri tərəfində səsləndi. Daha sonra Çinlə strateji tərəfdaşlıq deklorasiyasında da bu məqam yer aldı. Bu fikir də Azərbaycanın həm dünyada gedən proseslərə, eyni zamanda bu qrup ölkələrin dünya proseslərinə olan baxışlarında eyniliyin olması əsasında formalaşıb. BRİCS-də tərəfdaş ölkələrin hansı hüquq və səlahiyyətlərinin olacağı da hələ məlum deyil. Ona görə də Azərbaycan BRİCS-ə tam hüquqlu üzv olma niyyətini qoruyub saxladı, amma tərəfdaşlıq səviyyəsini qəbul etmədi. Nəticədə Azərbaycan yenə də BRİCS-ə qoşulmaq niyyətindədir. Lakin bu da BRİCS-in ona baxışının hansı formada olmasından asılı olacaq. Azərbaycan BRİCS ölkələrilə ikitərəfli və çoxtərəfli formatda öz əməkdaşlığını davam etdirir".

Qeyd edək ki, Kazan şəhərində keçirilən BRİCS sammitində gözləntilərin əksinə olaraq, heç bir ölkə quruma üzv qəbul edilmədi. Əvəzində 13 dövlət BRICS-in tərəfdaş ölkəsi statusunu aldı. Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tayland, Uqanda, Özbəkistan və Vyetnam. Bildirilir ki, bu dövlətlərin hələ ki, assosiasiyaya tam hüquqlu üzv olmaq planları yoxdur. Azərbaycan da BRİCS-ə üzv olmaq istəyini bəyan edib. Amma maraqlıdır ki, tərəfdaş ölkə statusu verilən ölkələr sırasında belə onun adı yoxdur. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->