F-35 döyüş təyyarələrində gizli bir "kill switch" (təcili bağlama mexanizmi) olduğu iddiaları və mübahisəli şifrə tələbləri, bu təyyarələrlə bağlı təhlükəsizlik narahatlıqlarını daha da artırıb.
Qaynarinfo xəbər verir ki, Türkiyənin çıxarıldığı F-35 döyüş təyyarəsi proqramı ilə bağlı son günlərdə Avropada ciddi müzakirələr aparılır. Bəzi Avropa ölkələri F-35 təyyarələrinin ABŞ-ın icazəsi olmadan işləyə bilməyəcəyi iddiasına görə narahatdır. Bu vəziyyət həm müdafiə sənayesində, həm də beynəlxalq təhlükəsizlik məsələlərində geniş rezonans doğurub.
F-35 təyyarələrində "kill switch" varmı?
Avropa ölkələri iddia edirlər ki, F-35 döyüş təyyarələrində ABŞ-ın uzaqdan müdaxilə edərək onları istənilən vaxt sıradan çıxara biləcəyi gizli bir "kill switch" mövcuddur. Xüsusilə Almaniya başda olmaqla bir neçə Avropa ölkəsi, bu ehtimal səbəbindən F-35 alım planlarını dayandırıb.
Lakin Pentaqon və F-35-in istehsalçısı "Lockheed Martin" bu iddiaları qəti şəkildə təkzib edib. Rəsmi şəxslər bu cür uzaqdan nəzarət mexanizminin mövcud olmadığını bildirirlər.
Əsas mübahisə: Şifrə məcburiyyəti
Avropanın əsas narahatlığı isə F-35 təyyarələrinin işləməsi üçün zəruri olan şifrələrin ABŞ tərəfindən göndərilməsidir. İddiaya görə, F-35-lərin mühərriklərinin hər əməliyyatdan əvvəl ABŞ-dan göndərilən xüsusi bir şifrə ilə aktivləşdirilməsi tələb olunur. Bu isə o deməkdir ki, əgər ABŞ istəməzsə, müttəfiq ölkələr F-35-lərini havaya qaldıra bilməyəcək.
Keçmişdə Cənubi Koreyadakı F-35 pilotlarının təcili əməliyyat zamanı ABŞ-dan gələcək şifrəni bir neçə dəqiqə gözləməli olduqları ilə bağlı şikayətləri bu narahatlıqları daha da artırıb. Bir çox Avropa ölkəsi, bu praktikanın onların hərbi müstəqilliyini məhdudlaşdırdığını düşünür.
ABŞ və NATO müttəfiqləri arasında inam böhranı
ABŞ ilə NATO müttəfiqləri arasındakı etimadsızlıq bu müzakirələri daha da qızışdırır. Xüsusilə ABŞ-ın Kanada və Danimarka ilə bağlı bəzi açıqlamaları, müttəfiq ölkələrdə ciddi suallar doğurub. Avropa ölkələri milyardlarla dollar xərclədikləri F-35 döyüş təyyarələrinin böhran və ya müharibə şəraitində istifadəsinin məhdudlaşdırıla biləcəyindən ehtiyatlanırlar. Bu isə ABŞ-ın etibarlı müttəfiq olub-olmadığı sualını yenidən gündəmə gətirib.
F-35-in gələcəyi qeyri-müəyyən olaraq qalır
F-35-lərlə bağlı davam edən bu mübahisələr müdafiə sənayesində yeni bir dönüş nöqtəsi ola bilər. Bəzi Avropa ölkələrinin müstəqil hərbi güc qazanmaq üçün alternativ layihələrə yönələcəyi ehtimal edilir. Bununla yanaşı, ABŞ-ın bu tənqidləri nəzərə alıb-almayacağı da böyük maraq doğurur.
Aydın
Şərhlər