Xəbər lenti

Alimləri narahat edən tədqiqat: Qərb axını yavaşlayır!
Dünya 23:35 11.10.2025

Alimləri narahat edən tədqiqat: Qərb axını yavaşlayır!

Dünyanın ən böyük okean axını olan Antarktika dairəvi axınının (ADA) sürətinin azalması alimləri narahat edir.

Qaynarinfo-nun məlumatına görə, Bonn Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, bu axın hazırda 130 min il əvvələ nisbətən üç dəfə yavaş hərəkət edir. "Daily Mail"in yazdığına görə, bu, Yer sisteminin kəskin zəifləməsi deməkdir və nəticələri fəlakətli ola bilər.

ADA həm də Qərb küləkləri axını kimi tanınır, çünki o, hava kütlələrinin hərəkətinə təsir göstərir. Antarktika qitəsini qərbdən şərqə doğru əhatə edən bu axın Atlantik, Sakit və Hind okeanlarının cənub hissələrini birləşdirir. Axın regional temperaturun, qlobal iqlimin və dəniz ekosistemlərinin sabitliyində mühüm rol oynayır.

Melburn Universitetindən doktor Bişahdatt Hayen bildirib: "Əgər bu "mühərrik" dayanarsa, nəticələri ciddi ola bilər. Bu, bəzi bölgələrdə daha dəyişkən iqlim şəraiti və ekstremal hadisələrə, eləcə də okeanın karbonu udmaq qabiliyyətinin azalması səbəbindən qlobal istiləşmənin sürətlənməsinə gətirib çıxara bilər".

Alimlər araşdırmanı Antarktikanın şimalında, Skotiya dənizində aparıblar. Buradan toplanan çöküntü nümunələri axının son 160 min ildəki dəyişikliklərini izləməyə imkan verib.

Ekspedisiya rəhbəri doktor Maykl Veber deyib: "Təxminən 130 min il əvvəl, əvvəlki isti dövrdə axının sürəti son minilliklərdəki indiki dövrlə müqayisədə üç dəfədən çoxdur".

Bu yavaşlamanın səbəbi tam aydın olmasa da, alimlər bunun əsasən Yer orbitinin Günəş ətrafında dəyişməsi ilə bağlı ola biləcəyini düşünürlər. Yer eliptik orbit üzrə hər 100 min ildən bir dövr edir, oxunun meyli və fırlanması isə hər 21 min ildən bir dəyişir. Bu dəyişikliklər Günəş şüalarının intensivliyinə təsir göstərərək küləklərin və beləliklə, külək axınlarının — o cümlədən ADA-nın — sürətini formalaşdırır.

Tədqiqatda bildirilir ki, bu amil 130 min il əvvəl axının niyə daha sürətli olduğunu və niyə o zaman Cənub qütbünə indiki ilə müqayisədə təxminən 600 kilometr daha yaxın yerləşdiyini izah edə bilər.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi də ADA-nın zəifləməsində rol oynayır. Melburn Universitetinin tədqiqatçıları model quraraq göstəriblər ki, antropogen iqlim dəyişikliyi 2050-ci ilə qədər axının artım sürətini əlavə 20 faiz azalda bilər.

Əvvəllər elm adamları düşünürdülər ki, Yer səthinin isinməsi ilə küləklər güclənəcək və axınlar sürətlənəcək. Lakin yeni modellər göstərib ki, Antarktika buzlaqlarının əriməsi nəticəsində okeanlara daxil olan soyuq şirin su dərinlikləri doldurur və bu, istilik axınlarına əks təsir göstərərək axınların ümumi sürətini azaldır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->