Xəbər lenti

Afrika qitəsi uğrunda amansız savaş - Kim qalib gələcək?
Dünya 23:41 15.08.2024

Afrika qitəsi uğrunda amansız savaş - Kim qalib gələcək?

"Məqsəd sadəcə torpaq ələ keçirtmək, öz ərazisini genişləndirmək deyil. Nüfuz dairəsi uğrunda bu mübarizənin əsasında ilk növbədə iqtisadi maraqlar dayanır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev son zamanlar Afrika və Asiya qitəsində nüfuz dairəsi uğrunda bir sıra güc mərkəzləri arasında kəskinləşən mübarizəni şərh edərkən deyib.

Siyasi şərhçi bildirib ki, əslində, bu, yeni mübarizə deyil. Hələ Soyuq müharibə dövründən gedən mübarizənin davamıdır:

"O zaman SSRİ-nin dostları olan Afrika ölkələri var idi ki, onlar üçün kadrlar da Moskvada hazırlanırdı. Bunun üçün xüsusi ali məktəblər də yaradılırdı. Eynilə Fransa da Afrikada öz mövqeyini möhkəmləndirmək üçün xüsusi institutlar yaradırdı. Yəni bunlar köhnə söhbətlərdir".

Həmsöhbətimiz deyib ki, indiki mərhələdə bəzi güclərin Afrika və Asiyada təsir gücü uğrunda mübarizəsi yeni nəfəs qazanır:

"İlk növbədə bu prosesdə iştirak edən oyunçular arasında dəyişiklik baş verir, yeni oyunçular meydana çıxır. Onlar arasında Asiya ölkələri də var. Bütün bunlarda məqsəd sadəcə torpaq ələ keçirmək, öz ərazisini genişləndirmək deyil. Nüfuz dairəsi uğrunda bu mübarizənin əsasında ilk növbədə iqtisadi maraqlar dayanır".
 


Ekspert qeyd edib ki, bir sıra super güclərin Afrika və Asiyaya yönəlik ekspansiyanın əsasında öz bazarlarını genişləndirmək, əlavə və daha ucuz işçi qüvvəsi tapmaq ehtiyacları durur:

"Afrika qlobal kommunikasiya xətlərində elə də böyük rol oynamır. Ancaq əmək qüvvəsi və iqtisadi resursları ələ keçirmək baxımından bu iki qitənin rolu əhəmiyyətli olaraq qalır. Bütün bunların taleyi isə tamam başqa bölgələrdə həll olunur". 

Arif Əliyevin fikrincə, sözügedən rəqabət uzunmüddətli olacaq:

"Kiminsə təkbaşına qalib gələrək bütün bu istiqamətlərdə hakimi mütləq olacağını düşünmək doğru deyil. Əksinə, bu rəqabət uzun müddət davam edəcək, transformasiyalara uğrayacaq. Digər tərəfdən, sürətlə inkişaf edən Hindistan da həmin güc mərkəzlərindən birinə çevrilməyə çalışır. Prosesin gedişində nüfuz dairələrinə bölgü davam edəcək. Proqnozlara görə, Rusiya bu mübarizədə öz mövqeyini getdikcə zəiflədəcək. Çünki onun indiki vəziyyəti sabit deyil. Ona yönəlik sanksiyalar da illər boyu davam edəcək. Bu zərbələrdən Rusiya xeyli ziyan çəkəcək. Afrika və Asiyada nüfuzunu saxlamaq böyük xərclər, böyük qüvvələrin sərfi deməkdir ki, Rusiyanın buna gücü çatmayacaq. ABŞ-a gəldikdə hər şey qarşıdakı seçkilərdə hansı qüvvələrin, dünyadakı nüfuzunu qorumaq siyasətini davam etdirmək istəyən, yoxsa daxilə qapanıb, həmin problemlərin həllini önə çəkən qüvvələrin üstün gəlməsindən asılı olacaq".

Qeyd edək ki, son dövrlər Asiya və Afrika qitəsində nüfuz dairəsi uğrunda bir sıra güc mərkəzləri arasında mübarizə daha da kəskinləşib. Hazırda sözügedən iki qitədə hakimi mütləq olmaq uğrunda ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə və Rusiya arasında mübarizə gedir. ABŞ Cənubi Qafqazda, daha doğrusu Ermənistan və Gürcüstanda, Banqladeşdə, Keniyada, Serbiyada möhkəmlənməyə çalışır. Buan nail olmaq üçün də həmin ərazilərdə özünə sərf edən qüvvələrin hakimiyyət başına gətirilməsini təşkil edir. 

Çin də indilikdə əsasən iqtisadi müstəvidə Asiya və Afrika qitəsində nüfuz dairəsi əldə edir. Rusiya isə həmişəki kimi, avtoritar rejimləri hakimiyyət başına gətirmək kursu götürüb. Bir sözlə, dünyanın yenidən bölüşdürülməsi uğrunda yeni mübarizəyə start verilib. 
 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->