Xəbər lenti

Dünya 14:18 15.09.2025

"ABŞ Rusiyaya sanksiyalar tətbiq etməyəcək" - Ekspert

"Bu yanaşma Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən yayınmaq üçün ortaya atdığı növbəti bəhanədir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın Avropanın Rusiyaya qarşı sanksiyalarının kifayət qədər sərt olmadığı barədə fikrini şərh edərkən deyib. 

"Tramp əvvəllər bildirib ki, Moskva Kiyevlə danışıqlar masası arxasına oturmasa, növbəti addım Rusiyaya qarşı sanksiyaların tətbiqi olacaq. Bu istiqamətdə edilən bütün cəhdlər, xüsusən də Trampla Putinin Alyaska görüşü də göstərdi ki, Rusiyanı danışıqlar masası arxasına oturtmaq mümkün deyil. Putin heç bir formada Trampın dediklərinə qulaq  asmır", deyə ekspert bildirib. 

Politoloq qeyd edir ki, Trampın Putinlə münasibətləri son həddə qədər gərginləşdirmək niyyəti yoxdur:

"Ukrayna, Avropa da hesab edir ki, danışıqların başlanmasına mane olan tərəf Rusiyadır. Onlar bunu Trampa da başa salmağa və bu əsasda onu fakt qarşısında qoymağa çalışırlar. Trampın Rusiya ilə münasibətləri ən son həddə qədər gərginləşdirmək, münasibətləri birdəfəlik qırmaq məqsədi də yoxdur. O, Rusiyanın haradasa, nə zamansa danışıqlar masası arxasında oturacağına inanır. Ona görə də Tramp Avropanı Rusiya ilə əlaqələri tam kəsməməkdə, xüsusən də ondan neft almaqda ittiham edir. Bununla Tramp topu Avropa İttifaqına qaytarır ki, Rusiya ilə əlaqələri tamamilə kəssinlər".
 


Həmsöhbətimiz düşünür ki, hətta Avropa Rusiya nedftindən tam imtina etsə də belə, Tramp Kremlə qarşı daha sərt sanksiyalara əl atmayacaq:

"Bu müəyyən müddət tələb edir. Tramp da ümid edir ki, bu müddətdə Rusiya danışıqlar masası arxasına gələ bilər. Trampın bundan sonra Vaşinqtonun Moskvaya qarşı daha güclü sanksiyalara keçəcəyini düşünmək isə sadəlövhlükdür. Əksinə, bundan sonra da Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək üçün yeni-yeni səbəblər tapacaq. Proses uzanacaq və ABŞ Moskvaya münasibətdə sanksiyalar tətbiq etməyəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Avropanı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kifayət qədər sərt olmamasında ittiham edib:

"Onların (avropalıların-red.) tətbiq etdiyi sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar sanksiyaları sərtləşdirməlidirlər ki, mənim hərəkətlərimə uyğun olsunlar". 

O, avropalılara çağırış edib: "Bizdən anti-Rusiya hər şeyə gedəcəyimizi və Avropanın Rusiyadan neft almağa davam edəcəyini gözləməməlisiniz". 

Xatırladaq ki, Tramp hakimiyyətə gələndən üzü bəri bir neçə dəfə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini vəd etsə də, hələ də bu istiqamətdə heç bir real addım atmayıb. O hətta Rusiyadan neft-qaz alan üçüncü ölkələrə gömrük rüsumlarının tətbiqi məsələsinə Avropanı da cəlb etmək istəyir. Eyni zamanda, Avropanı da Moskvaya sərt sanksiyalar tətbiq etməməkdə günahlandırır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->