Birləşmiş Ştatlar BMT Baş Assambleyasında İranın mərhum prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunan mərasimdə iştirak etməyəcək. Boykot rəsmi olaraq elan olunmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyinə mənbə
bildirib.
193 ölkəni təmsil edən BMT Baş Assambleyası ənənəvi olaraq ölümü zamanı hələ də dövlət başçısı olan istənilən dünya liderini yad etmək üçün toplanır. Mərasimdə mərhuma həsr olunmuş nitqlər səsləndiriləcək.
"Biz heç bir şəkildə tədbirdə iştirak etməyəcəyik, - mənbə "Reuters”ə bildirib. - BMT İran xalqının tərəfində olmalı, onlara zülm edənlərin xatirəsini onilliklər boyu yaşatmamalıdır”. Agentliyin həmsöhbəti həmçinin Rəisini "çoxsaylı iyrənc insan hüquqları pozuntularında, o cümlədən 1988-ci ildə minlərlə siyasi məhbusun məhkəməsiz edam edilməsində” əli olmaqda ittiham edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin nümayəndələri mayın 20-də keçirilən iclasda mərhumun xatirəsini ehtiramla yad ediblər. "Reuters”in yazdığı kimi, ABŞ-ın daimi nümayəndəsinin müavini Robert Vud "14 həmkarı ilə könülsüz ayağa qalxıb”. ABŞ İran prezidentinin vəfatı ilə bağlı rəsmi başsağlığı verib. Bununla belə, Ağ Evin sözçüsü Con Kirbi brifinqdə İbrahim Rəisini "əlləri xeyli insanın qanınna batmış adam” adlandırıb. Bəzi respublikaçılar başsağlığı verdiyi üçün Co Bayden administrasiyasını tənqid ediblər.
Mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. Helikopterdə prezidentlə yanaşı, İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir-Abdollahian da daxil olmaqla, rəsmi şəxslərdən ibarət nümayəndə heyəti olub. Hamısı ölüb. Qəzanın əsas versiyası hava şəraiti hesab olunur.
Nizami Bağırov
Şərhlər