Braziliyada "Flamenqo" klubunun uşaq komandasının üzvü, 8 yaşlı Natansinyo "Nike" şirkəti ilə müqavilə bağlayıb.
Qaynarinfo-nun "O Globo" nəşrinə istinadən məlumatına görə, bu, Rio-de-Janeyro təmsilçisinin tarixində ilk hadisədir ki, belə gənc oyunçu dünya brendi ilə anlaşma imzalayır.
"Nike" istedadlı hücumçunun hüquqlarını əvvəlcədən özündə saxlamağı qərara alıb. Buna əsas da var: Ötən mövsümdə Natansinyo Rio-de-Janeyro üzrə 8 yaşadək uşaqlar arasında keçirilən çempionatın bombardiri olub və 18 qol vurub. O, "Ibercup" turnirində də fərqlənərək 11 dəfə rəqib qapısına yol tapıb və ən yaxşı oyunçu adına layiq görülüb.
Portuqaliyanın "A Bola" qəzeti artıq gənc braziliyalının gələcəkdə geniş müzakirə mövzusu olacağını proqnozlaşdırır. "Nike" isə ən gənc oyunçulara sərmayə yatırmaq siyasətini davam etdirir: Bir neçə il əvvəl şirkət başqa bir 8 yaşlı braziliyalı, Kauan Basile ilə müqavilə bağlamışdı. Hazırda Basile milyonlarla izləyici toplayıb və Neymarla birlikdə reklam çarxlarında çəkilir.
Aydın
Şərhlər