Xəbər lenti

12 il həbs oluna bilər: Məşhur futbolçu Rusiya ordusunu maliyyələşdirməkdə ittiham olunur
Dünya 14:44 17.05.2025

12 il həbs oluna bilər: Məşhur futbolçu Rusiya ordusunu maliyyələşdirməkdə ittiham olunur

Ukrayna futbolunun tanınmış simalarından biri olan, hazırda Rusiyada yaşayan sabiq futbolçu Anatoli Timoşçuk Rusiya Federasiyası ordusuna maliyyə dəstəyi göstərməkdə ittiham olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, Timoşçuk 2017-ci ildən etibarən Sankt-Peterburq şəhərindəki "Zenit" futbol klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışır. 2023-cü ilin sentyabrında bu klub Rusiya hərbi birləşmələrinin dəstəklənməsi məqsədilə təşkil olunan "xeyriyyə matçı"nda iştirak edib. Həmin tədbirdə futbolçular imzalanmış formalarını hərraca çıxarıb və toplanan vəsait Rusiya Silahlı Qüvvələrinin 106-cı kəşfiyyat batalyonuna ("Moskva" kəşfiyyat dəstəsi, sonradan "Svetloyar" adlandırılıb) yönləndirilib.

Ukrayna prokurorluğunun məlumatına görə, bu hərracda satılan köynəklərdən biri də Anatoli Timoşçuka məxsus olub və 700 min rubl məbləğində satılıb. Bu faktla bağlı Timoşçuka qarşı Ukrayna Cinayət Məcəlləsinin 111-2-ci maddəsinin 1-ci hissəsi – "təcavüzkar dövlətə köməkçilik" ittihamı ilə cinayət işi açılıb. Bu maddə üzrə cəza 10 ildən 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Baş Prokurorluq rəsmi şəkildə Timoşçukun adını çəkməsə də, işin detalları və yayımlanmış fotoşəkillər onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verir. Söhbət Ukrayna milli komandasının və "Şaxtyor" (Donetsk) lubunun keçmiş oyunçusundan gedir.

UNIAN-ın daha əvvəl yazdığına görə, Anatoli Timoşçuk Rusiyaya hələ 2014-cü ildəki hərbi təcavüzdən əvvəl köçüb. O zaman onun futbol karyerası artıq Sankt-Peterburqun "Zenit" klubu ilə bağlı idi. Krımın ilhaqı və Donbasdakı müharibənin başlanmasından sonra da o, Rusiyada qalmağa davam edib.

2022-ci ildə genişmiqyaslı işğal başlayanda Timoşçuk artıq məşqçi kimi fəaliyyət göstərirdi. Bu müddət ərzində o, Rusiyanın hücumunu heç vaxt açıq şəkildə pisləməyib. Bu səbəbdən Ukrayna Futbol Assosiasiyası onu bütün yerli futbol titullarından məhrum edib.

Daha sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası da ona qarşı sanksiyalar tətbiq edib - Timoşçukun ölkədəki bütün maddi aktivləri dondurulub və vətənə qayıtmaq hüququ əlindən alınıb.

Qeyd edək ki, Timoşçuk karyerası ərzində Ukraynanın "Volın", "Şaxtyor", Rusiyanın "Zenit", Almaniyanın "Bavariya" və Qazaxıstanın "Kayrat" klublarında oynayıb. O, Ukrayna millisində keçirdiyi 144 oyunda 4 qol vurub. Keçmiş futbolçu karyerası ərzində 21 kubok, o cümlədən "Bavariya" ilə Çempionlar Liqasını qazanıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->