Böyük Britaniya kralı III Çarlz bu ilin mart ayında xərçəng müalicəsindən sonra yaranan fəsadlarla əlaqədar xəstəxanaya yerləşdirilmişdi. İndi isə o, səhhəti barədə ilk dəfə ictimaiyyətə açıqlama verib.
Qaynarinfo xəbər verir ki, "Mirror" nəşrinin yazdığına görə, 76 yaşlı kral bu açıqlamanı Bredford şəhərinə səfəri zamanı, floristiklə məşğul olan Safina Xanla söhbəti əsnasında verib.
"İlk olaraq o, mənim halımı soruşdu, mən də onun səhhəti ilə maraq göstərdim. Xeyli nəzakətli ifadələr işlənsə də, bu, doğrudan da maraqlı söhbət idi", deyə onkoloji xəstəliyə qalib gəlmiş Safina bildirib.
Kral Safinanın sualına cavab olaraq hazırda həkimlərin nəzarətində olduğunu və onun vəziyyətini diqqətlə izlədiklərini qeyd edib. "İndi özünüzü necə hiss edirsiniz?" sualına isə belə cavab verib: "Düşünmək istərdim ki, xərçənglə bağlı yolumun daha yaxşı tərəfindəyəm".
Qeyd edək ki, kral hazırda iş fəaliyyətini tam şəkildə bərpa edib və ictimaiyyət qarşısında daha tez-tez görünməyə başlayıb.
2024-cü ilin əvvəlində Böyük Britaniya kralı planlı tibbi müayinədən keçərkən prostat vəzi ətrafında xoşxassəli törəmə aşkar olunub və sonradan ona xərçəng diaqnozu qoyulub. Həkimlər ona bir müddət ictimai tədbirlərdən uzaq durmağı və sağlamlığına vaxt ayırmağı tövsiyə ediblər. Müalicə alsa da, kral dövlət vəzifələrini icra etməyi davam etdirib.
Aydın
Şərhlər