Xəbər lenti

Üç illik fürsət: Sülh Brejnevdən Trampadək...
Hüseynbala Səlimov
Dünya 12:59 23.02.2026

Üç illik fürsət: Sülh Brejnevdən Trampadək...

Bir dəfə "soyuq müharibə" zamanındakı Dünya Sülh Təşkilatından da bir-iki cümlə yazmışdıq. Onu SSRİ yaratmışdı, o, da maliyyələşdirirdi. 

Sovetlərlə birlikdə o təşkilat da qeyb oldu. Əslində bu institut xeyli qabaq, az qala, Stalin dövründə formalaşmağa başlamışdı, amma şəxsən mənim yadımda daha çox Leonid Brejnevin təşkilatı kimi qalıb, üstəlik, o dövrdə bunun bir hindli sədri də var idi: Romeş Çandra, lap filmlərdəki hind artistlərinin adlarını xatırladırdı.    

Ötən həftə isə prezident Donald Trampın yaratdığı Dünya Sülh Şurasının "prezentasiyası” oldu.  Dəvət alsa da, SSRİ-nin varisi Rusiya daha burada yox idi. Heç böyük Avropa ölkələri də buna maraq göstərmirlər, üstəlik, nəinki dəvətdən qəti imtina edənlər, hətta təşəbbüsə mane olmaq istəyən ölkələr də var, özü də böyük Avropa dövlətləri arasında. 

Hələlik dəqiq yəqinləşdirmək də olmur ki, bunun missiyası bir yana, bəs gələcək idarəçilyi, əsas da perspektivi necə olacaq? Qınamayın, adamda belə təəssürat yaranır ki, sanki bu, Tramp başda olmaqla beş-üç amerikalı siyasətçinin yaratdığı QHT-dir: məlum deyil ki, Tramp bunu böyük sülh təşəbbüsü kimi Nobel Komitəsinin "gözünə soxmaq” istəyir, yoxsa ki, özünə təqaüd vaxtı baş qatmaqçün təşkilat yaradır, yoxsa bütün bunlarda hansısa başqa mənalar da var? 

"Açıqlamalar” verilir, amma onlar sualları azaltmaq əvəzinə, əksinə daha da artırır. Ona görə ki, intuisiya adama deyir ki, bu, gələcəkdə nəinki Münhen Konfransı, hətta "Valday” diskussiya klubu kimi bir şey olsa, özü də böyük işdir: uzaq perspektivli bir şey kimi baxmaqçün ciddi əsaslar yoxdur hələ. 
Prinsipcə, olardı, əgər ABŞ, əlbəttə, daha çox Tramp prosesə yeni geosiyasi formatlar yaratmaq cəhdi kimi yanaşsaydı: məsələn, indiki "atlantik ziddiyyətlər”in fonunda ABŞ niyə daha bir lokal hərbi - siyasi blok yaratmağa cəhd etməsin? Tutaq, NATO üzvü olmayanların klubu kimi! Niyə Vaşiqnton BRİKS və yaxud ŞƏT kimi formatlar qurmasın?..     
    
Amma bunların heç biri yoxdur, hələki bütün proseslərin fonunda ABŞ da yox, Tramp daha çox özü görünür.   
 
Trampın hakimiyyəti daha üç il çəkəcək. Təşkilatlar onda güclü olurlar ki, arxalarında güclü, böyük dövlətlər dayanır. 

Sülh təşkilatına üzv olmaq üçün 60 dövlətə müraciət edilsə də hələ bu təşəbbüsü cəmi 20 dövlət qəbul edib. Dünyanın böyük dövlətləri yoxdur burada. Lap tutaq, Trampa görə gələcəkdə beş-on dövlət burada iştirak etdi, bəs sonra? Güman, bundan artığı olmayacaq, uzağı bir varlı adamın idarə etdiyi məhdud "siyasi klub” olacaq bu, çünki onun başqa resursları yoxdur.

Tramp bir "siyasi şoumen” kimi bu məsələdə də çox iddialıdır. Əvvəl deyirdi ki, guya onun Şurası BMT-yə köməkçi təşkliat kimi fəaliyyət göstərəcəkdir və dünyada az qala, bütün konfliktləri həll edəcək! İndisə məlum olur ki, BMT-nin işinə nəzarət edəcək bu! Maraqlıdır, hansı resurslarla? 20 üzvü olan təşkilat 200 üzvü olan BMT-yə necə nəzarət edəcək? İndi beş-on dövlət buna ona görə maraq göstərir ki, burada ABŞ prezidenti var və o, dünyadakı proseslərə, eləcə BMT-nin işinə müəyyən qədər təsir etmək imkanlarına malikdir. Üç ildən sonra bunlar olmayacaq! Uzağı, bir keçmiş prezidentin, bir biznes adamının klubuna çevriləcək... 

Gələcəkdə bəlkə onun Qəzzadakı "mandat”ını da tanımayacaqlar: kim verəcək ona mandatı? Üstəlik, hansı əsasla verməlidir? Böyük dövlətlər buna razı olacaqlarmı?

Əvvəl toylarda "şabaş” deyilən şey olardı. İndi də Tramp "siyasi şabaş”la məşğuldur: BMT-nin təxminlərinə görə, Qəzza üçün azı 70 milyard dollar tələb olunur, Trampsa cəmi 7 milyard toplayıb deyəsən! 

Ona görə də məsələyə uzaq perspektivli geosiyasi layihə kimi baxmaq, dərhal milyard dollar ödəmək lazım deyil ora. Bir daha deyirik ki, böyük ehtimalla, cəmi üç il yaşarlı olacaq bu təşəbbüs. Ona görə də çalışaq, bu müddətdə Zəngəzur məsələsini həll edək. Ən əsası da elə olmasın ki, bu, bizə bir milyard dollara başa gəlsin!..

Bizim üçün diqqət çəkən ən əsas detal bu oldu ki, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin çox intensiv təmasları oldu. İnsafən, Tramp da belə atmosferin yaradılmasına çox çalışırdı. Doğrusu, bizə də elə bu, lazımdır. Bir daha deyirik ki, çalışmaq lazımdır üç il ərzində Zəngəzur layihəsini bitirək. Maneələr çoxdur, əsas da Kremldən. 

Paşinyan Cənubi Qafqaz dəmiryolu şəbəkəsini Rusiyanın nəzarətindən çıxarmağa çalışır. Amma alınacaqmı? Qarşıdan Ermənistanda parlament seçkisi gəlir. Moskva da prosesə çox ciddi şəkildə müdaxilə etməyə cəhd edəcək, müəyyən "sürpriz”lər də istisna olunmur. 

Azərbaycanda erməni separatçılarına qurulan məhkəmənin qərarları da çox əndişələndirəcək bəzi təşkilatları, hətta ölkələri. Odur çalışmalıyıq ki, Paşinyana, yaxud Ermənistanın qərbpərəst qüvvələrinə hansısa formada dəstək olaq: o səbəbdən ki, seçkilərin regionun siyasi iqliminə ciddi təsiri ola bilər...
 
Hüseynbala Səlimov


--> -->