"Yeni qanunda dəyişən odur ki, vətəndaş ona məxsus torpağı ayağını dirəyib "satmıram" deyə bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna edilən yeni dəyişikliklə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dəyişiklikdən sonra dövlət yeni aeroport, aerodrom tikmək və ya mövcud hava və dəniz limanını genişləndirmək istəyəndə həmin əraziyə düşən torpaqları vətəndaşdan və ya bələdiyyədən ala biləcək:
"Yəni, bu cür layihələr artıq rəsmi olaraq "dövlət ehtiyacı" sayılacaq və torpağın alınması üçün hüquqi əsas yaranacaq. İndiyə qədər qanunda bu məqsədlər açıq şəkildə göstərilmədiyi üçün torpaqların alınması prosesində hüquqi və praktiki çətinliklər yaranırdı. Yeni dəyişiklik həmin prosesi daha sürətli və hüquqi baxımdan aydın edir".
Torpağı alınan sakinlərə kompensasiyanın verilməsinə gəlincə, Akif Nəsirli bildirib ki, qüvvədə olan qanunvericiliyə görə, dövlət ehtiyacları üçün alınan torpaqlara görə mülkiyyətçiyə ödəniş edilməlidir:
"Yəni, torpaq sahibləri kompensasiyasız torpaqdan məhrum edilə bilməz. Onlara torpağın bazar dəyərinə uyğun pul ödənilməsi və ya bəzi hallarda alternativ əmlak təklif olunması nəzərdə tutulur".
Ekspert əlavə edib ki, yeni dəyişiklik kompensasiyanı ləğv etmir:
"Sadəcə olaraq aeroport və liman layihələrini də torpağın dövlət ehtiyacları üçün alınacağı hallar siyahısına əlavə edir. Burada dəyişən odur ki, vətəndaş ayağını dirəyib "satmıram” deyə bilməz, başqa heç nə dəyişmir. Hətta hökumət bazar qiymətindən aşağı kompensasiya təklif edirsə, mülkiyyətçi buna əsaslı etiraz edə və kompensasiyanı artırmağı tələb edə bilər".
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik edilib. Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.
Bahar Rüstəmli
Şərhlər