Xəbər lenti

ABŞ-ın incə, Rusiyanın hiyləgər oyunları: Balans diplomatiyası alınacaqmı?
Dünya 17:52 13.02.2026

ABŞ-ın incə, Rusiyanın hiyləgər oyunları: Balans diplomatiyası alınacaqmı?

"Bu, bir diplomatiyadır. Onun dilini oxumağı bacarmaq lazımdır. Buna aldanmaq olmaz".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiyanın region ölkələrinin suveren seçim hüququna hörmətlə yanaşdığını bəyan etməsini şərh edərkən deyib. 

Müsahibimiz bildirir ki, Rusiya Qafqaza olan iddialarından heç vaxt öz xoşuna əl çəkmir:

"Bunu müxtəlif formalarda nümayiş etdirirlər. Dmitri Peskov məsələyə diplomatik tərzdə öz münasibətini bildirib. Amma Rusiya müxtəlif işarələr və digər rəsmilərin dilindən Cey Di Vensin Cənubi Qafqaza səfəri ilə bağlı narahatlığını da çatdırıb. Nüvə enerjisi ilə bağlı Ermənistanın ABŞ-la bağladığı müqaviləni şərh edərkən, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib ki, öz ölkələrindən başqa kiçik modullarla bağlı başqa kimsə işləyə bilməz. Yaxud da elan edirlər ki, müqavilələr imzalansa, müəyyən razılıqlar əldə olunsa da, Rusiyanın da prosesdə iştirakı pis olmazdı. Reallıqda isə müxtəlif təzyiqlər göstərilir ki,  həmin müqavilələrə hansısa formada müdaxilə edə bilsinlər".
 


Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfəri fonunda Rusiya tərəfi region ölkələrinin suveren seçim hüququna hörmətlə yanaşdığını bəyan edib. Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan və Ermənistan suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlərini milli maraqları çərçivəsində qurmaq hüququna malikdirlər. O, eyni zamanda Moskvanın hər iki ölkə ilə geniş və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu da vurğulayıb.

Rüfət Sultan

--> -->