"Burada söhbət anti-Rusiya blokundan getmir. Avropa İttifaqının aktivləşməsi və təsir dairəsini genişləndirməsindən gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa İttifaqı tərəfindən yaradılan, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatının perspektivlərindən danışarkən deyib.
Politoloq vurğulayıb ki, Aİ cəlbedici görünmək üçün müəyyən addımlar atır:
"Mərkəzi Asiya dövlətlərinə investisiyaların vədi, Transxəzər nəqliyyat dəhlizi, Orta dəhlizlə bağlı investiaiyaların qoyulması, bu kontekstdə koordinasiya strukturunun yaradılmasında Aİ-nin maraqlı olması göstərir. Cənubi Qafqaz və Orta Asiya qurum üçün artıq prioritet xarici siyasətə çevrilib. Belarus isə Rusiyanın yanında olduğundan burada yoxdur. Ona da Rusiya kimi təhdid yeri olaraq baxılır. Minsk mövqeyini dəyişməyincə, AB-dən kənarda saxlanılacaq".
Həmsöhbətimiz qeyd edib ki, Aİ-nin Cənubi Qafqaz və Orta Asiyada möhkəmlənməsi dolayısı ilə Rusiyanın həmin regionlardan sıxışdırılıb çıxarılması anlamına gəlir:
"Anti-Rusiya bloku isə onsuz da mövcuddur. Ukraynaya yardım edən dövlətlərin hamısı məhz Rusiya əleyhinə birləşib. Ona görə də Aİ-yə Rusiya əleyhinə blok deyil, əksinə Moskvanın geosiyasi maraqlarının təmin olunduğu coğrafiyalarda Aİ-nin mövqeyinin genişlənməsi, güclənməsi kimi baxmaq lazımdır. Bu isə Rusiya maraqlarının sıxışdırılması deməkdir".
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradılıb. Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna var. Avropa İttifaqı rəsmiləri bildiriblər ki, Lüksemburqdakı sammit "Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər. Yeni diplomatik format ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.
Xatırladaq ki, bu ilin aprelində AB Orta Asiya ölkələrinə 12 milyard dollarlıq investisiya yatırmaqla bağlı razılıq əldə edib. "Şərq Tərəfdaşlığı” proqramı isə 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Proqram MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq Tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir- Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna.
Rüfət Sultan
Şərhlər