Xəbər lenti

Xələf Xələfovun Tehran səfəri nə vəd edir? - Ekspert
Siyasət 17:07 03.10.2023

Xələf Xələfovun Tehran səfəri nə vəd edir? - Ekspert

"İrana gerçəkləşən bu səfər sırf regionda son zamanlar baş verən hadisələrlə bağlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfərini şərh edərkən deyib.

Ekspert Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin Tehranın hansı səbəblərdən baş tutacağını aydınlaşdırıb:

"Son zamanlar İranla Azərbaycan arasında yaşanan soyuqluq münasibətləri davamlı inkişaf etdirməyə imkan vermirdi. Əslində, münasibətlərdə hər hansı bir ciddi irəliləyiş yoxdur. Hesab edirəm ki, Xələf Xələfovun İrana səfəri sırf regionla bağlı olan məsələlərlə əlaqədardır. Qarabağ konflikti sözün həqiqi mənasında həm hüquqi, həm də faktiki olaraq bitib. İran hazırda regionda Ermənistanla bağlı xüsusi önəm kəsb edən bir dövlətdir. Zəngəzur dəhlizinin açılmamasına çalışan və ən çox reaksiya verən də Ermənistandan çox, İrandır. Sentyabrın 19-20 arası baş tutan bir günlük antiterror tədbirlərindən sonra İranın tamam fərqli bəyanatlarının şahidi oluruq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərindən sonra, İrəvanın Zəngəzur dəhlizini açmadığı təqdirdə, yolun İran ərazisindən keçəcəyilə bağlı səsləndirdiyi fikirlər proseslərin sürətlə dəyişdiyini göstərir. Xələf Xələfovun İrana gedişi reallaşırsa, deməli, öncədən hansısa məqamlar razılaşdırılıb. Mövzu regiondakı məsələlərlə bağlıdır. Həmin məsələlərdə Azərbaycan əleyhinə hər hansı bir nüans olsaydı, rəsmi Bakı Tehrana hər hansı bir yüksək rütbəli diplomatı göndərməzdi”. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu  gün axşam saatlarında İranın paytaxtı Tehrana səfər edəcək. Bildirilib ki, X.Xələfov İranın bir  sıra yüksək rütbəli rəsmiləri ilə görüşməyi və onlarla regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Onun kiminlə görüşəcəyi  açıqlanmayıb. Onu da bildirək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Tehranda səfərdədir. Səfər zamanı o, artıq iranlı həmkarı Əli Əkbər Əhmədiyan, həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkə Prezidenti İbrahim Rəisi ilə görüşüb. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->