Laçın yolunda iki həftədən çox davam edən aksiya fonunda erməni separatçılarının Xankəndidə keçirdyi mitinq bir çox qaranlıq məqamlara işıq salır.
Separatçıların aksiyası "Həyat yolumuzu açın" tələbi ilə keçirilsə də, əsas hədəfin heç də dəhlizlə bağlı olmadığı anlaşılır. Bu hadisələr fonunda fokuslar ancaq bir nəfərə dikilib - Ruben Vardanyana. 34 il əvvəl olduğu kimi bu dəfə də "Qarabağ kartı” erməni siyasətçiləri üçün "xilas kəməri”nə çevrilib. Lakin bir nüans da mövcuddur. Bütün bu illər ərzində korrupsiyaya qurşanan "Qarabağ klanı”nın revanşı artıq imkansızdır.
Köçəryan-Sarkisyan qruplaşması siyasi proseslərdən kənara atılıb. Ermənilərə və onların əsas hamilərinə "yeni qan” lazımdır. Yeni lider qarabağlı olmamalı, Rusiyanın birbaşa vassalı olmalıdır. Xankəndi mitinqini təşkil edənlərin düşündüyü də elə budur. Bu baxımdan, İrəvanda doğulan, Rusiyada milyardlar qazanan Vardanyan siyasi proseslərə cəlb edilir. Vardanyana revanş lazımdır. Elə bu səbəbə də o, Rusiyadakı rahat həyatını Qarabağda yaşamaqla əvəzləyib.
Kremlin əsas təbliğatçısı kimi tanınan Ruben Vardanyan Xankəndidəki mitinqdə çıxışında deyib: "Bizim 3 yolumuz var: Azərbaycana inteqrasiya, ayrılmaq və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də verdim, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam".
Aydın məsələdir ki, Kreml Vardanyanı Rusiya vətəndaşlığından məhrum etməklə, onu "Ermənistanın İvanişvilisi”nə çevirmək istəyib. Məsələ ondadır ki, Ermənistan qanunlarına görə xarici ölkə vətəndaşı bu ölkədə baş nazir və yaxud preizdent ola bilməz. Onun RF vətəndaşlığından çıxarılması da məhz hakimiyyətə gedən yolunun təmizlənməsi üçün atılan addım idi. Heç bir halda Rusiya Rubendən imtina edə bilməzdi.
Vardanyan Rusiyanın biznes və iqtisadi-bank sisteminin aparıcı simalarından biridir. O, Rusiyanın ən nufuzlu "Skolkovo" Biznes Məktəbinin qurucusu, "Troyka-Dialoq"un, "Sberbank"ın təsisçisi, "KAMAZ" Direktorlar Şurasının üzvü, Britaniyanın "Standard Bank Plc."Ekspert Şurasının üzvüdür. Onun nəzarəti altında çoxsaylı nufuzulu şirkətlər, banklar, xeyriyyə qurumları var. Ruben 2015-ci ildən Primakov adına xarici siyasət əməkdaşlığı üzrə Fondun həmtəsisçisidir.
Yəqin ki, Vardanyan milyardlarını buraxıb, Xankəndiyə "Sarı gəlin”i ermənicə oxumağa gəlməyib. Erməni milyarder olduqca praqmatik insandır və onun üçün belə romantik duyğular keçərli deyil. Ruben üçün Xankəndidə post tutmaq da şirnikləndirici deyil. Digər tərəfdən, 53 yaşlı rusiyalı milyarderin konkret öhdəlikləri var. Vardanyan özünü Qarabağın sakinlərinin lideri kimi təqdim etməklə bu öhdəliklərin birinci hissəsini reallaşdırmağa girişib və son mitinqdə bu statunu təsdiqləmiş oldu. Qarabağlı olmasa belə, son mitinqdən sonra o, Qarabağda yaşayan ermənilərin liderinə çevrilə bildi.
"Dənizdən dənizə Ermənistan” nağılları ilə beyni yuyulmuş kütləni manipulyasiya etmək onun üçün elə də çətin olmadı. Vardanyan separatçıların son ümid yerinə - bayrağa çevrildi. İndi qarşıya qoyulan məqsədə nail olmaq üçün o, daha inamlı addımlar atmağa çalışacaq.
Burada bir məqama da diqqət yetirək. Erməni təbliğatı Xankəndi aksiyasında 70 min, Azərbaycan mətbuatı 17 min nəfərin iştirak etdiyini deyir.
Yəqin ki, aksiyada 70 min, yaxud 20 min nəfərin iştirak etdiyinin heç bir önəmi yoxdur. İndiki reallıq üçün 17 min də böyük rəqəmdir. Məsələ ondadır ki, Qarabağda o sayda erməni qalmayıb (uşaq və qocaları çıxmaq şərti ilə). Mitinq iştirakçıları İrəvandan avtobuslarla da gətirilə bilməzdi, yol bağlıdır. Deməli, rusların xüsusi qrupları öncədən orada yerləşiblər. Aksiyada iştirak edənlərin önəmli hissəsi də erməni cildinə girən rus diversantları olub. Bu təxribatçıların nə məqsədlə Qarabağda yerləşdiyini təxmin etmək olar. Həmin ərazilərdə lokal toqquşma belə ciddi problemə çevrilə bilər. Rusiya sülhməramlı missiyasının önəmini artırmaq üçün lokal toqquşmalarda maraqlıdır. Odur ki, Bakıda belə hesab edirlər ki, separatçılara Azərbaycan qanunlarına tabe olmaq üçün vaxt verilməlidir, tabe olmasalar, anti-terror əməliyyatı davam etdirilməlidir.
Aydın məsələdir ki, Vardanyanın hədəfi Xankəndi deyil, İrəvandır. Putin Paşinyanı onunla əvəzləmək istəyir. Odur ki, Vardanyana Qarabağda kiçik də olsa, qələbə lazımdır və Kreml ona bu müstəvidə yardım edəcək.
Kremlə sülhməramlı missiyasını hərbi baza statusu ilə əvəzləmək lazımdır. RF XİN rəhbəri Sergey Lavrov da son bəyanatlarının birində "sülhməramlılardan imtina edə bilərsiniz, lakin əvəzində nə təklif olunacaq məsələsi müzakirə edilməlidir” deyib. Kreml anlayır ki, "10 Noyabr sazişi”nin heç bir hüquqi qüvvəsi yoxdur. Bakı da bu sənədə imza atdığı zaman manevr üçün "əl yeri” qoymuşdu. Əslində, saziş xarakterli sənədin bəyanat adlandırılması, onun parlamentdə ratifikasiyasının qaçılmazlığından imtina imkanını əldə etmək məqsədi daşıyırdı. Bu məsələdə Paşinyan da təkid edirdi. Həmin hərbi-siyasi şəraitdə belə bir sənədi parlamentin ratifikasiyasına çıxarmaq Paşinyanın maraqlarına cavab vermirdi. Birincisi, müxalifət ratifikasiya prosesini poza bilərdi. İkincisi, ratifikasiya ilə bağlı vaxt itkisi sazişin müddəalarının reallaşdırılmasını mümkünsüz edə bilərdi. Bu isə Rusiyanın da Azərbaycanda öz hərbi təmsilçiliyinin bərpası ilə bağlı planlarını poza bilərdi.
Rəsmi Bakının ratifikasiya ilə bağlı elə bir problemi yox idi. Parlamentə belə bir sənəd daxil olsaydı, Milli Məclis onu müzakirəsiz ratifikasiya edəcəkdi. Lakin İlham Əliyev manevr edə bildi - sənəd "Bəyanat” adlandırıldı. Bəyanatın isə ratifikasiysına ehtiyac qalmırdı. Lakin burada bir amili nəzərə almaq zorundayıq. Hüquqi qüvvəsi olmayan bu sənədin faktiki qüvvəsi yetərincədir və o effekti azaltmaq üçün sülhməramlılara qapını göstərmək olar.
Rusiya Qarabağla bağlı iki senari üzrə işləyə bilər. Hansısa təxribatçı qüvvələr sülhməramlılara qarşı təxribata yol verə və bununla da Kreml "öz vətəndaşlarını qorumaq” adı ilə hərəkətə keçə bilər. 2008-ci ilin avqustunda Gürcüstanda da belə olmuşdu. Rəsmi Tiflis separatçı rejimlərlə atəşkəs sənədi imzalamışdı. 2008-ci il avqustun 8-də Gürcüstan Cənubi Osetiya separatçılarının hücumunu dayandırmaq üçün cavab verməyə vadar oldu. Kreml dərhal bəyanat verdi ki, Rusiya sülhməramlıları birbaşa atəşə tutulub və Tiflis əslində Rusiyaya müharibə elan edib.
Prezident Saakaşvili dərhal bəyan etdi ki, birtrərəfli qaydada atəşkəsə sadiqdir, separatçılara cavab verməyəcək. Lakin Qərbyönümlü prezidentə qulaq asan olmadı. Rusiya az qala Tiflisə qədər irəlilədi və Saakaşvili Qərbdən, xüsusən də Birləşmiş Ştatlardan gözlədiyi yardımı ala bilmədi. Saakaşvili o zaman bəyan etdi ki, rus sülhməramlılarının yerləşdirilməsinin əsas məqsədi də məhz bu senarinin işləyə bilməsi üçün idi.
Bu gün bölgədə daha ağır durum yaranıb. ABŞ Bakıya təzyiqlərini artırır. Prezidnet Əliyev bu günlərdə məlumat verdi ki, BMT səviyyəsində təzyiqlər gözlənilir. Yenə də bu günlərdə içərlərində Fransa kinosunun ulduzları Jan Reno, Pyer Rişarın da olduğu 200 nəfər dünyaca məşhur mədəniyyət xadimi Bakıya qarşı ağır ittihamlar səsləndirdilər.
Bölgədə yeni teatr səhnələşdirilir. Heç də təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində "son dəfə sizdən dəstək istəyirəm” bəyanatını verdi. Ərdoğan məlumatlı liderdir və görünən odur ki, o tələsir. Onun tələsməyi Bakını da tələsməyə sövq edir.
Vardanyanın son aksiyasından sonra Laçın yolunda "əsəb savaşı” "əzələ nümayişinə” çevrildi. Vardanyan açıq bəyan etdi ki, Laçın yolunda hər an vəziyyət dəyişə bilər.
Bölgə üçün Gürcüstan və yaxud İdlib senarisinin oynalılacağını təxmin etmək çətindir. Bilinən yalnız odur ki, ağır diplomatik savaş başlayır...
Azər Rəşidoğlu
Şərhlər