"Fransanın Rusiyaya dialoq təklif etdiyini istisna etmirəm. Lakin bununla yanaşı, Moskvanın Parisin təklifini öz istədiyi mənada yozduğunu da istisna etmək olmaz".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib:
Arif Əliyev bildirib ki, nə Fransa, nə də Rusiyanın xarici işlər nazirliklərinə heç bir etimad yoxdur:
"Ona görə də konkret halda hansının yalan dediyini tapmaq çətindir. Son bir il ərzində bu iki dövlətin xarici siyasətlə bağlı verdikləri bəyanatlarının bəziləri həqiqətə uyğun olmayıb. Amma Fransanın Rusiyaya Kiyevin iştirakı olmadan dialoq təklif etməsini də istisna etmirəm. Lakin bununla yanaşı, Moskvanın Parisin təklifini öz istədiyi mənada yozduğunu da ehtimal etmək olar. Hətta belə təklifdən sonra onlar arasında hansısa danışıqların olub-olmadığını da söyləyə bilmərik. Bir neçə ay əvvəl bəlli oldu ki, Ukrayna məsələsilə bağlı Almaniya ilə Rusiya arasında hansısa bir formada danışıqlar aparılıb. Ondan da əvvəl bəlli oldu ki, ABŞ nümayəndələrilə Rusiya nümayəndələri müəyyən danışıqlar aparıblar. Ona görə də belə məsələləri istisna etmək olmaz".
Fransa tərəfindən Kiyevin iştirakı olmadan Rusiya ilə dialoq təklifi həqiqətən səslənibsə, bu həmsöhbətimizə görə, Parisin müharibənin istənilən variantına hazır olmaq niyyətindən qaynaqlanır:
"Bu kimi dövlətlər özlərinin uzunmüddətli siyasətini quranda müharibənin müxtəlif nəticələrini nəzərə alır və ona əsasən də gələcək siyasətlərini qurmaq imkanlarını itirmirlər. Ola bilsin ki, bu qədər səylərdən sonra müəyyən müddətə müharibə dondurulsun. Ona görə də siyasətdə birmənalı davranmırlar. Odur ki, siyasətdə, xüsusən də onun müharibə formasında davamında istənilən variantlara hazır olmaq lazımdır".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın Rusiyaya qapalı kanallar vasitəsilə dəfələrlə müraciət etdiyini və Ukraynanın iştirakı olmadan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dialoq qurmağı təklif etdiyini bildirib. Onun sözlərinə görə, Moskva təmaslardan imtina etməyib və Qərb dövlətlərinin təkliflərini "dinləməyə hazır olub”.
Lakin o, Parisin davranışını birmənalı qarşılamayıb:
"Bir neçə dəfə fransalı həmkarlarımız qapalı kanallarla bizə dioloq təklifi ilə müraciət ediblər. Özü də bunu Qərbin daim təkrarladığı "Ukraynasız Ukrayna haqqında heç bir kəlmə" prinsipini pozaraq ediblər", deyə rusiyalı nazir bildirib.
Rüfət Sultan
Şərhlər