Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsi Pxenyan rejimi üçün böyük maliyyə gəlirlərinə çevrilib.
Qaynarinfo xəbər verir ki, "Nikkei Asia"nın yazdığına görə, silah və hərbi qüvvə qarşılığında ölkə xarici valyuta, enerji resursları və texnologiya əldə edir.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin tədqiqat institutunun qiymətləndirməsinə əsasən, Şimali Koreya son üç ildə bu əməkdaşlıqdan təxminən 13 milyard dollara qədər gəlir əldə edib. Bu məbləğ ölkənin illik ÜDM-inə yaxın göstəricidir.
Məlumata görə, yalnız raket artilleriyası və təxminən 250 ədəd KN-23 qısa mənzilli raketin tədarükü Şimali Koreyaya 7–13,8 milyard dollar qazandırıb.
Əlavə gəlir mənbəyi isə hərbi kontingentin göndərilməsi olub. Rusiya Şimali Koreya əsgərlərinin cəlb olunması üçün 600 milyon dollardan çox ödəniş edib. Cəbhədə təxminən 10 min xüsusi təyinatlı və eyni sayda mühəndis və dron operatorunun olduğu bildirilir. Məlumata görə, Kim Çen In əlavə olaraq daha 30 min hərbçinin göndərilməsini planlaşdırır.
Hesabatlara əsasən, Şimali Koreya hərbçilərinə ölkə standartlarına görə yüksək sayılan maaşlar verilir.
"Təxminən 2 000 dollar aylıq ödəniş və ölüm halında 10 000 dollar kompensasiya alırlar”, deyə tədqiqatçılar bildirir.
2026-cı ilin fevralına qədər təxminən 6 000 Şimali Koreya əsgərinin həlak olduğu və ya yaralandığı qeyd olunur.
Məlumatlara görə, əməkdaşlığın iqtisadi təsiri Pxenyan küçələrində də görünməyə başlayıb: şəhərdə lüks avtomobillərin sayı artıb, o cümlədən Yapon və Avropa markalı avtomobillərin şəxsi nömrələrlə istifadə olunduğu bildirilir.
Eyni zamanda, rejimin rəhbərliyinin müharibədən qayıdan hərbçiləri "qəhrəman” kimi qarşıladığı, həlak olanların ailələrinə isə elit mənzillər verildiyi qeyd olunur.
Aydın
Şərhlər