Yaxın Şərqdə artıq üçüncü həftədir davam edən müharibənin nəticələri qlobal turizm sənayesinə təsir göstərməkdə davam edir. Dubay hava limanı İran dron hücumlarından zərər görərkən, turistlər də istirahət planlarını yenidən nəzərdən keçirməyə başlayıblar.
Qaynarinfo "Daily Mail”ə istinadən ki, xüsusilə Şərqi Aralıq dənizinin məşhur istiqamətlərinə – Türkiyə, Kipr və hətta Yunanıstana turların ləğvi müşahidə olunur. Bu tendensiya təkcə Böyük Britaniya ilə məhdudlaşmır, digər ölkələrdən olan turistlərə də şamil edilir.
Niyə turistlər Türkiyə, Kipr və Yunanıstana səfərləri ləğv edir?
Turistlər təkcə Fars körfəzi ölkələrinə deyil, həm də Türkiyə, Kipr və Yunanıstana səfərlərdən getdikcə daha çox imtina edirlər.
Türkiyə ilə bağlı ləğvlər Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin ölkənin Suriya ilə sərhədindən 10 km məsafədə yerləşən ərazilərə səfərdən çəkinmək barədə xəbərdarlığından sonra artıb. Bu qərar döyüşlər və terror riskinin yüksəlməsi ilə əlaqələndirilir.
Eyni zamanda, rəsmi şəxslərin adanın təhlükəsiz olduğunu bildirməsinə baxmayaraq, britaniyalı turistlər Kiprə səfərləri də ləğv edir. Səbəb kimi İranla müharibə ilə bağlı artan narahatlıqlar göstərilir.
Yunanıstanla bağlı hər hansı rəsmi təhlükə xəbərdarlığı olmasa da, turistlər bu istiqaməti gələcək istirahət üçün daha az seçirlər.
Turistlər hansı istiqamətləri seçir?
Turizm agentliklərinin məlumatına görə, turistlər daha çox Qərbi Avropa ölkələrinə üstünlük verməyə başlayıblar. Bununla yanaşı, bəzi cənub istiqamətləri – İtaliya, İspaniya, Malta və Xorvatiya – marağı qoruyub saxlayır.
Xüsusilə İspaniyanın Marbella kurortuna tələbat artıb. Uzun müddət lüks istirahət məkanı kimi tanınan bu şəhərin yaxın dövrdə ən aktiv yay mövsümlərindən birini yaşayacağı gözlənilir.
Səyahət eksperti Betani Holl bildirib ki, əvvəllər Dubay kimi uzaq və bahalı istiqamətləri seçən turistlər indi yenidən Avropaya yönəlirlər.
"Hays Travel” agentliyinin nümayəndəsi Conaton Vudoll-Conston isə İtaliya, Malta və Xorvatiyaya səfərlərə xüsusi tələbat olduğunu vurğulayıb.
Bundan əlavə, britaniyalılar arasında Karib hövzəsi ölkələrinə – xüsusilə Dominikan Respublikası və Yamaykaya – uzun məsafəli uçuşlara maraq artıb.
Aydın
Şərhlər