Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov təklif edib ki, ən azı iki dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün üçüncü sertifikatlaşdırma mərhələsi tətbiq olunmasın. O vurğulayıb ki, iki dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli tədris aparmaq üçün kifayət edir. Bu səbəbdən həmin şəxslərin üçüncü dəfə sertifikatlaşdırmaya cəlb olunmasına xüsusi ehtiyac qalmır.
Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya bildirib ki, iki dəfə sertifikasiya prosesində iştirak edərək uğur qazanan müəllimin üçüncü dəfə bu prosesə cəlb olunması doğru deyil:
"Bu müəllimlərin iki dəfə sertifikasiyadan keçməsi kifayət edir".
Ekspertin sözlərinə görə, bütün müəllimlər eyni nəticə göstərmir və fərqli yanaşma tətbiq olunmalıdır:
"Elə müəllimlər var ki, müvafiq olaraq yüksək göstəricilərə sahib deyillər. Üçüncü sertifikasiyanı ləğv etməklə onların ümumiyyətlə prosesə cəlb olunmaması düzgün yanaşma deyil".
Elçin Əfəndi əlavə edib ki, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30–50 bal toplayan müəllimlərin əməkhaqqı 10 faiz, 51–60 bal toplayanların isə 35 faiz artırılır:
"Biz 31 bal ilə 51 bal toplayan müəllimləri mütləq fərqləndirməliyik. Ona görə də hesab edirəm ki, 51 və daha yüksək bal toplayanların üçüncü dəfə sertifikasiyaya cəlb edilməsi ləğv olunmalıdır. Yalnız 31–50 bal aralığında nəticə göstərənlər bu prosesə cəlb edilməlidir".
"31–50 bal toplayan müəllimlərin üçüncü dəfə sertifikasiyaya cəlb olunması məcburi, yoxsa könüllü olmalıdır” sualına cavab olaraq ekspert bildirib ki, bu proses məcburi olmalıdır:
"Üçüncü sertifikasiyadan keçmək 51 və daha yüksək bal toplayanlar üçün könüllü ola bilər. Çünki 31 bal toplayan müəllim imtahandan keçmiş hesab edilsə də, bu nəticə yüksək göstərici sayılmır. Bu, sadəcə minimal tələblərin ödənilməsi və müəyyən əməkhaqqı artımı kimi qəbul olunmalıdır. 31 bal ilə 51 bal toplayanları eyniləşdirmək düzgün deyil”.
Günay İlqarqızı
Şərhlər