Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayevin ətin, südün və yumurtanın bahalaşmasının qarşısını almaq məqsədilə parlamentin plenar iclasında səsləndirdiyi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Deputat bildirib ki, qiymət artımının qarşısını almaq üçün hər bir nazirliyin, komitənin və agentliyin yardımçı təsərrüfatı yaradılmalıdır:
"Hər bir müəssisə və təşkilat 50–100 hektar torpaq sahəsi götürərək orada kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə şərait yaratsa, bu, həm bazarda qiymətlərin aşağı düşməsinə, həm xeyli insanın işlə təmin olunmasına, həm də həmin qurumlarda çalışan işçilərin ət, süd, yumurta və tərəvəz kimi məhsullarla daha ucuz təmin edilməsinə kömək edər".
İqtisadçı Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bu yanaşmanı tənqid edərək bildirib ki, bu cür təkliflər kəndlilərin əlində qalan son torpaq sahələrinin də əldən çıxmasına gətirib çıxara bilər:
"Milli Məclisin Aqrar siyasət komitəsinin sədri ixtisasca filoloqdur. Komissiyada aqrar sahə üzrə mütəxəssis yoxdur, deputatlar arasında aqronom, baytar həkim və ya zootexnik demək olar ki, yoxdur. Bu fikirlər də təsadüfi səsləndirilmir. Təklif ondan ibarətdir ki, müxtəlif dövlət qurumları torpaq sahələri götürərək istehsal aparsın və həmin məhsullarla öz əməkdaşlarını təmin etsinlər. Bu isə nəticədə kəndlinin əlində olan torpaqların məmurlar tərəfindən ələ keçirilməsi deməkdir".
Ekspert kəndlərdə sosial-iqtisadi vəziyyətin ağır olduğunu da qeyd edib:
"Mən mütəmadi olaraq kəndlilərlə əlaqə saxlayıram. Son danışdığım kəndlilərdən biri bildirdi ki, kənddə nə iş yeri var, nə də əkin üçün torpaq sahəsi - əksəriyyəti artıq zəbt olunub. Örüş sahələri də əldən çıxıb. Gənclər kəndləri tərk edir, sosial problemlər dərinləşir. Bu tendensiya davam edərsə, kəndlərdə vəziyyət daha da ağırlaşacaq".
Vahid Məhərrəmlinin fikrincə, problemin əsas səbəblərindən biri əkin sahələrinin müxtəlif maraq qrupları tərəfindən ələ keçirilməsidir:
"Torpaqlar zəbt olunub, kəndlinin problemləri həll edilməyib. İndi isə qalan resursların da alınması riski var. Bu cür yanaşmalar kənd yerlərində vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər".
Ekspert əlavə edib ki, kəndlərdə işçi qüvvəsinin azalması artıq ciddi problemə çevrilib və bu istiqamətdə kompleks tədbirlərə ehtiyac var.
Bahar Rüstəmli
Şərhlər