Azərbaycanın tanınmış veteran futbolçularından olan Kamal Quliyev həm Premyer Liqamız, həm də klublarımızın avrokuboklardakı çıxışları haqda fikirlərini bildirib.
"Şamaxı”dan ayrılandan sonra hazırda işsiz qalan mütəxəssis Qaynarinfo-ya açıqlamasında maraqlı fikirlər səsləndirib. O, əvvəlcə qarşıdakı planlar haqda danışıb:
"Şamaxı”dan ayrılandan sonra hələ ki, təkliflər, maraqlananlar yoxdur. Klubdan ayrılmağıma gəlincə, müqaviləm bitdi, həm də komanda köçdü Şamaxıya və rəhbərlik dəyişdi. Gördüm ki, mənim orada çalışmağımda maraqlı deyillər, kənara çəkildim. Allahın izini ilə görək necə olacaq. Şəxsi biznesimlə məşğul oluram. Təbii ki, futbolda çalışmağı istəyərəm. Özümü sınadım, uğurlu alındı”.
Quliyev Premyer Liqamızın ilk turu ilə yanaşı vaxtilə futbolçu və məşqçi kimi fəaliyyət göstərdiyi "Neftçi” haqqında da fikirlərini bölüşdü.
"Kəpəz”in Premyer Liqaya niyə gətiriblər, başa düşmədim. Bakıda oynayacaqdısa, daha neynirdilər o komandanı? Tovuzda ömür boyu futbol olub. İnanıram ki, Tovuz azarkeşləri, futbolsevərləri birlikdə nəsə edə bilərlər. "Kəpəz” Gəncədə yerləşmədisə, o, Gəncə komandası ola bilməyəcək. Premyer Liqada isə təkcə "Qarabağ” var. "Neftçi”yə uğurlar arzulayıram. Amma bilirsiniz necədir? Ötən dəfə müsahibə vermişdim, dedilər, guya Samir Abasovun tərəfini tuturam. Belə deyil vallah, Samirdən zəhləm gedir. Mənim üçün əksfikirli adam idi ona görə. Amma onun şəxsiyyətinə filan heç bir sözüm yoxdur. Namaz qılır, Allah ibadətini qəbul etsin. Düzgün yoldadır. Yenə də o vaxtdan bəri isnişib, qaynaşmıram. Lakin işindən ləzzət alırdım. Bir insanı xoşlamırsansa, o demək deyil silib atmalısan. Samirin "Neftçi”si ötən mövsüm ikinci pilləni tutdu. "Neftçi” rəhbərliyi, öz komandalarını ortalığa qoysun, "Qarabağ”a da baxsın, ona da. Bir rəhbər kimi "Qarabağ”ın rəhbərliyi ilə özünü müqayisə et, sonra baş məşqçinin istefasına bax. Rəhbər olaraq düzgün yolda deyilsən. Bu şəxsi fikrimdir. Belə olmasa ən azı futbolçu, legioner baxımından axsamazsan”.
Sabiq müdafiəçi problemlərin rəhbərlikdən qaynaqlandığını dedi:
"İnanmıram ki, "Neftçi”də maliyyə problemi olsun. Bilirsiz necədir, kişinin ki, evdə hökmü olmadı, apar tulla. Kişinin hökmü, zəhmi başqadır. Elə öz valideynlərimizdən götürək, evə girəndə onların zəhmini hiss edirdik. Bunları yandığım üçün deyirəm. O komandada çox əziyyət çəkmişəm, oynadığım vaxt can qoymuşam, 3 il məşqçi kimi işləmişəm, uğurlar əldə etmişik. Fikirləşirəm ki, Samir Abasova şans verilməli idi. "Neftçi” neçə ildir çempion olmurdu. Pis-yaxşı, kişi gəldi, komandanı çempion etdi. Ona görə də şans verilməli idi. Öz aramızdır, guya "Neftçi” rəhbəri fikirləşmir ki, "Qarabağ” bu gün "1 nömrə”dir? "Şamaxı” ilə oyunlarına baxdım. Açığı elə də "fontan vuran” nəsə görmədim. Ola bilər ilk turdu, güclərini səfərdəki oyun üçün qoruyurlar. Azərbaycanda olmadığıma görə "Rapid”lə oyunu izləyə bilməmişdim. Amma "Qarabağ”ı izlədim. "Viktoriya” ilə oyun üçün şanslar 50-nin 50 faiz nisbətindədir. Yəni Çexiya klubunu keçmək olar. "Viktoriya” "Fənərbağça”, "Beşiktaş”, "Real Sosyedad” və ya "Sampdoria” deyil. Yəni növbəti mərhələyə adlamaq şansları çoxdur”.
Səbuhi Həsənov
Şərhlər