Xəbər lenti

Xanımı Aşıq Əhlimanın səhhətindən danışdı: Keçmişdə baş verənləri xatırlayır
Ölkə 17:27 15.03.2026

Xanımı Aşıq Əhlimanın səhhətindən danışdı: Keçmişdə baş verənləri xatırlayır

"Yoldaşımın səhhətində müəyyən irəliləyişlər var. Müalicələr təsir edib, az da olsa, yaxşılaşma müşahidə olunur”.

Bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent, aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.

Onun sözlərinə görə, aşığın keçirdiyi mikroinsultdan sonra yaddaşında tədricən problemlər yaranıb:

"Uzaq keçmişi və sənəti ilə bağlı incəlikləri yaxşı xatırlayır. Fikrini ifadə edir, ancaq dünən baş verənləri xatırlamır. Məsələn, soruşsan ki, ötən gün evə kim gəlmişdi, deyə bilməyəcək. Amma keçmişdə baş verənləri yadında saxlayır. Hətta televiziyada musiqi verilişində kimsə səhv oxusa və ya keçidlərdə səhv etsə, bunu dərhal tutur və mənə deyir ki, düzgün oxumadı. Hiss edirəm ki, hər şeyi anlayır və seçə bilir. Öz sənəti üzrə hələ də çox mükəmməldir”.

Aybəniz Salmanova bildirib ki, aşıq 2011-ci ildə mikroinsult keçirəndə həkimlər xəstəliyin illər keçdikcə irəliləyə biləcəyini demişdilər:

"2011-ci ildə mikroinsult keçirəndə həkimlər müayinə zamanı bildirdilər ki, zaman keçdikcə xəstəlik irəliləyə və müəyyən çətinliklər yarana bilər. Ondan sonra 10 il ərzində ciddi dəyişiklik hiss etmədik. Ayaqda idi və sənətini davam etdirirdi. Pandemiyadan sonra isə vəziyyəti sürətlə zəiflədi və xəstəliyi gücləndi. Səhhəti hər dəfə bir qədər geriləyirdi. Xəstəlik illər keçdikcə onun nitqinə də təsir göstərdi. Əvvəllər yaddaşına da çox pis təsir etmişdi, amma indi vəziyyəti xeyli yaxşılaşıb”.
--> -->