Xəbər lenti

Tamilla Şirəliyeva vəfat etdi
Sənət 11:41 12.03.2025

Tamilla Şirəliyeva vəfat etdi

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktor müavini Fərid İbrahimov məlumat verib.

O bildirib ki, Tamilla Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O bu gün səhər beyninə qan sızması nəticəsində vəfat edib.

Qeyd edək ki, Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları ifa edib. Tamilla Şirəliyeva 1977-ci ildən pedaqoji fəaliyyət göstərib. 1970-ci ildə Azərbaycan SSR əməkdar artist, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->