"Deyirlər ki, Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır. Təşəbbüskar qadın ola bilər, amma sizə sual verirəm: Boşanmaya səbəbkar kimlərdir? Qadını bu addımı atmağa məcbur edən addımlar var".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Mehriban Zeynalova deyib. O bildirib ki, bu gün onlara müraciət edənlərin əksəriyyəti zorakılıqdan əziyyət çəkib canını qurtarmağa cəhd göstərənlərdi:
"Onlar düşünür ki, boşansa, bu zorakılıq bitəcək. Baş verən hadisələrdən görürük ki, qadınlar boşansa belə, bu problemdən xilas ola bilmir. Kişilərin özəlləşmiş düşüncələri var. "Mənə məxsussan, sənin həyatın mənim əlimdədir, istəsən öldürərəm, istəsən qərar verərəm" deyə yanaşma mövcuddur. Bəzi hallarda deyə bilmərik ki, qadın idealdır. Cəmiyyətdə ideallıq anlamı öz formasını itirib. Amma yenə də sual verirəm, qadınları boşanmaya aparan səbəbkar kimdir? Burada təkcə kişi deyil, həmçinin ailə münasibətləri, müdaxilələri, bir-birlərini anlamamaqları, hörmət edə bilməmələri də ola bilər. Məsələn, mən bu məsələ ilə bağlı tədqiqat aparmışdım. Kişilər deyirdilər ki, bərabərliyin tərəfdarıdırlar, amma müəyyən məqamlar gələndə həmin bərabərlik itirdi. Sorğunun nəticələrinə görə, onların bərabərlik deməsinin özünün də çox sərt çərçivələri var idi. Bu çərçivəni aşanlar cəzalanmalı və eyni zamanda yaxşı ailə yoldaşı hesab olunmamalıdır".
Mehriban Zeynalova
Hüququ müdafiəçisi əvvəlki illərdə ümumi davranış modelinin olduğunu qeyd edib:
"Hamı eyni modellə yaşayırdı, boşanmalar da az idi. Biz deyirik ki, qadın qərar qəbul etmədə iştirak etməlidir. Qadının boşanmaya müraciətini daha çox onun üzərinə qoyuruq ki, müraciət edirsə onun problemləri var. İstəlinən halda baş verən hadisələrdə qadının özünə münasibətinin dəyişməsinin göstəricisidir. Hesab edir ki, belə yaşamaq olmaz. Əksər vaxtlar bizə müraciət edən qadınlar deyir ki, uşaqlarımın bu mühütdə yaşamasını, tərbiyə almasını istəmirəm. Yəni, qadın təkcə özünü deyil, həmçinin uşağının gələcəyini düşünür. Qadın uşağının daha normal mühütdə böyüməsini, qeyri-insanı münasibətlərlə üzləşməməsini üstün tutur".
Mehriban Zeynalova hesab edir ki, bu müəyyən mənada müzakirə olunub, nəticə çıxarılası məsələdir:
"Biz istəyirik qadınlar zorakılıqsız mühütdə yaşasın. Bunlar bizim gündəlik çağırışlardır. Onlar bu faktı açıqlayır. İndi buna sevinməkmi lazımdır, yoxsa kədərlənmək. Burada ailə münasibətlərinin dəyişikliyə uğramasının sənədləşdirmək lazımdır. Ailə nəsil artırmaq, yaxud da ənənəyə görə ailə qurmaq konsepsiyası ilə yanaşılır. Bu da əngəllər törədir. İndiki müasir dövrün tələblərindən belə çıxır ki, artıq nəsil artırmaq yox, mütləq yaxşı ailə qurmaq üçün mühüti formalaşdırmaq lazımdır".
Taliyə İbrahimova
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib ki, Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır. O bildirib ki, qadınlar boşanmalara səbəb kimi məişət zorakılığı faktları, xarakterin uyğun olmadığını səbəb göstərirlər.
Bahar Rüstəmli
Şərhlər