Sualtı döyüşlərin tarixinə baxıldıqda nəhəng nüvə sualtı qayıqlardan daha çox dar metal konstruksiyalar içində ölümə gedən insanların hekayələri ön plana çıxır. Bu hekayələrdən ən faciəlisi Amerika Vətəndaş Müharibəsi dövrünə aid "H.L. Hunley” sualtı qayığıdır.
Qaynarinfo xəbər verir ki, düşmən gəmisini batıran ilk sualtı qayıq kimi tarixə düşən bu vasitə 1864-cü ildə əldə etdiyi uğurun ardınca içindəki 8 dənizçi ilə birlikdə yoxa çıxmışdı. 1995-ci ildə okeanın dərinliklərindən çıxarıldıqda isə tədqiqatçılar şokedici mənzərə ilə qarşılaşıblar. Ekipaj üzvləri qaçmağa çalışmaq əvəzinə, sanki zaman dayanmış kimi öz yerlərində sakit şəkildə oturmuş vəziyyətdə olub.
Dənizçilərin niyə panika ilə çıxışa yönəlmədiyi sualı uzun illər elmi dairələri məşğul edib. Dyuk Universitetinin tədqiqatçıları 2017-ci ildə apardıqları araşdırma ilə bu "səssiz ölüm”ün fiziki səbəbini müəyyənləşdiriblər. Məlum olub ki, "H.L. Hunley” "USS Housatonic” gəmisini batırmaq üçün istifadə etdiyi 135 kiloqramlıq partlayıcının təsirinə məruz qalıb. Partlayıcı daşıyan dirəyin təxminən beş metr olması belə, su altında yaranan şok dalğasından qorunmaq üçün kifayət etməyib. Güclü təzyiq dalğası sualtı qayığın metal gövdəsini keçərək birbaşa ekipaj üzvlərinin həyati orqanlarına təsir edib.
Biomexaniki testlər hadisənin nə qədər sürətlə baş verdiyini göstərib. Partlayış zamanı yaranan şok dalğası dənizçilərin ağciyər və beyin toxumalarında ani və ağır zədələnmələr yaradıb. Ehtimallara görə, onlar nə baş verdiyini anlamadan və yerindən qalxmağa imkan tapmadan həyatlarını itiriblər. Sağ qalma ehtimalının çox aşağı olduğu bu hadisədə "H.L. Hunley”nin gövdəsi bir neçə saniyə ərzində səkkiz nəfər üçün metal məzara çevrilib.
Müstəqil təsdiqləmələr hələ tam yekunlaşmasa da, bu izah 150 illik sirrə ən güclü elmi açıqlama kimi qəbul edilir.
Aydın
Şərhlər