Xəbər lenti

5 kilometr dərinlikdə 400°C temperatur olan
Dünya 19:15 07.05.2026

5 kilometr dərinlikdə 400°C temperatur olan "cəhənnəm": Orada həyat var

Karib dənizində aparılan dərin dəniz tədqiqatı zamanı alimlər Yer səthinin təxminən 5 kilometr altında ekstremal şəraitə malik, lakin canlı orqanizmlərlə zəngin bir mühit aşkar ediblər.

Qaynarinfo "BBC Wildlife Magazine” nəşrinə istinadən xəbər verir ki, burada suyun temperaturu 400°C-dən də yüksək olsa da, su qaynamır və bəzi canlılar bu şəraitdə yaşaya bilir.

Məlumata görə, bu yer Karib dənizində, Kayman çökəkliyində yerləşir. "Bibi hidrotermal sahəsi” adlanan bu zona 4968 metr dərinlikdədir və planetdə məlum olan ən dərin hidrotermal mənbələrdən biridir. O, dərin dəniz robotu tərəfindən kəşf edilib.

Bu mühitdə günəş işığı yoxdur, mineral baxımından zəngin sular isə 401°C-yə qədər qızır. Buna baxmayaraq, burada həyat mövcuddur.

Hidrotermal mənbələr adətən tektonik plitələrin ayrıldığı bölgələrdə yaranır. Dəniz suyu yer qabığının altındakı maqma ilə təmasda olur, qızaraq yenidən səthə qayıdır və özü ilə qazlar və minerallar gətirir. Yüksək temperaturuna baxmayaraq, su təzyiq səbəbindən qaynamır.

Alimlər hidrotermal mənbələri iki əsas növə bölür: "ağ bacalar” və "qara bacalar”. "Ağ bacalar” nisbətən daha soyuq olur və əsasən silisium və barit səbəbindən açıq rəngli görünür. "Qara bacalar” isə daha isti olur və tərkibində dəmir sulfidlər olduğu üçün qaranlıq tüstü kimi axıntı yaradır.

Bibi sahəsində məhz "qara bacalar” müşahidə edilib və onlar fabrik borularını xatırladan strukturlar kimi təsvir olunur.

Ekstremal şəraitə baxmayaraq, bu ərazi canlılarla zəngindir. Burada Zoarcidae ailəsinə aid balıqlar, anemonlar, cırxayaq xərçənglər və qeyri-adi krevet koloniyaları aşkarlanıb. Krevetlərin bəzilərinin kürəyində zəif işığı hiss etməyə kömək edən xüsusi orqanlar var.

London Təbii Tarix Muzeyinin tədqiqatçısı Maggi Georgiyeva bildirib ki, bu mənbələrdən çıxan isti maye dəniz suyu ilə qarışdıqda sürətlə soyuyur və müəyyən məsafədə temperatur təxminən 20°C-yə düşür, bu da bir çox canlı üçün yaşamaq imkanı yaradır.

Tədqiqatçılar hesab edirlər ki, bu cür ekosistemlər Yer üzündə həyatın ekstremal şəraitdə belə necə davam edə bildiyini göstərən mühüm nümunələrdir.

Aydın

--> -->