Məşhur kanadalı müğənni Selin Dion sərt əzələ sindromu adlı sağalmaz xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, mərhum həyat yoldaşı Reni Anseliyə ictimai şəkildə müraciət edib.
Qaynarinfo xəbər verir ki, dünən, 17 dekabrda cütlüyün evliliklərinin 30-cu ildönümü idi. Xatirə tarixini qeyd edən Selin Dion "Instagram" səhifəsində toy şəkillərini paylaşaraq, ailəsi adından həyat yoldaşı Reni Anseliyə müraciət ünvanlayıb.
"Sən hələ də hər gün qəlblərimizi doldurursan! Bizim üçün hər şeysən. Sənsiz çox darıxırıq... 30-cu ildönümün mübarək, mənim sevgim", deyə məşhur müğənni duyğusal şəkildə yazıb.
Qeyd edək ki, Reni 2016-cı ildə uzun sürən boğaz xərçəngi müalicəsindən sonra 73 yaşında dünyasını dəyişib. Selin Dion daim vurğulayır ki, bu, onun həyatının sevgisi idi və o, bu itkini hələ də qəbul edə bilmir.
Selin Dion gələcək həyat yoldaşı və sonradan meneceri olacaq Reni ilə 1980-ci ildə tanış olub. O zaman müğənni cəmi 12 yaşında idi, Reni isə 38 yaşında. Onların münasibətləri 7 il sonra başlayıb və daha sonra nişanlanıblar. Selin və Reninin toyu 17 dekabr 1994-cü ildə Monrealda yerləşən Notr-Dam Bazilikasında keçirilib.
Cütlük işdə birlikdə çox vaxt keçirib, lakin bir neçə il sonra ailə qurmağı düşünməyə başlayıblar. 2001-ci ildə onların Reni-Şarl Anseli adlı oğlu dünyaya gəlib. Daha sonra Selin uzun müddət hamilə qala bilməyib, lakin ekstrakorporal mayalanma vasitəsilə 13 yaşlarında olan əkiz oğlanları – Eddi və Nelson dünyaya gəlib.
Həyat yoldaşının ölümündən və sağalmaz diaqnozun təsdiqlənməsindən sonra Selin Dion nadir hallarda ictimaiyyət qarşısına çıxır və konsertlər vermir.
Aydın
Şərhlər