Xəbər lenti

Dünyanın temperaturu yüksəlir: Son 2 milyon ilin rekord həddi qırıldı
Dünya 14:56 24.03.2026

Dünyanın temperaturu yüksəlir: Son 2 milyon ilin rekord həddi qırıldı

Ümumdünya Meteorologiya Təşkilatının təqdim etdiyi son hesabat planetimizin iqlim balansının müasir müşahidə tarixində ən qeyri-sabit nöqtəyə çatdığını göstərib. Alimlər 2011–2025-ci illəri bəşəriyyətin indiyə qədər şahid olduğu "ən isti 11 il” kimi xarakterizə ediblər.

Qaynarinfo xəbər verir ki, keçən il sənaye öncəsi dövrün orta göstəricisini 1,43°C aşaraq tarixdə qeydə alınmış ən isti dövrlərdən biri olub. İstixana qazlarının artmasından dəniz səviyyəsinin yüksəlməsinə, buzlaqların əriməsindən okeanların isinməsinə qədər bütün əsas göstəricilər həyəcan siqnalı verir. Mütəxəssislər bu dəyişikliklərin təsirlərinin yalnız bu günü deyil, gələcək minillikləri də formalaşdıracağını bildirirlər.

Planetin "enerji balansı”

Planetin sağlamlığını müəyyən edən ən vacib göstərici atmosferə daxil olan enerji ilə kosmosa geri qayıdan istilik arasındakı balansdır. Normal şəraitdə Günəşdən gələn enerji ilə geri əks olunan istilik təxminən bərabər olmalıdır. Lakin karbon qazı, metan və azot oksidi kimi qazlar bu axını əngəlləyir.

Karbon qazının səviyyəsi bu gün son iki milyon ilin ən yüksək həddinə çatıb. Bu, istiliyin çıxış yolunu bağlayaraq böyük enerji yığılmasına səbəb olur. Maraqlısı odur ki, bu yığılan enerjinin yalnız təxminən 1%-i atmosferdə hiss olunur; onun 91%-dən çoxunu isə okeanlar udur.

Okeanların hər il udduğu istilik miqdarı bütün bəşəriyyətin illik enerji istehlakının 18 qatına bərabərdir. Bu həddindən artıq isinmə dəniz səviyyəsinin yüksəlməsini sürətləndirir və dəniz istilik dalğalarını artırır. 2025-ci ildə okean səthinin 90%-i La Niña kimi soyuducu təsirə baxmayaraq bu istilik dalğalarından təsirlənib. Mərcan riflərinin məhv olması və dəniz ekosistemində xəstəliklərin artması okean balansının pozulduğunu göstərir.

Fırtınalar güclənir, xəstəliklər şimala yayılır

İstiləşən atmosfer daha çox enerji və rütubət daşıdığı üçün ekstremal hava hadisələri həm daha tez-tez, həm də daha dağıdıcı olur. Məsələn, keçən il Karib hövzəsini vuran 5-ci kateqoriyalı Melissa qasırğasının baş vermə ehtimalı iqlim dəyişikliyi səbəbindən 4 dəfə artıb.

Normalda 8 min ildə bir baş verə biləcək bu cür güclü fırtınalar artıq daha tez-tez müşahidə olunur. Bu dəyişiklik yalnız fırtınalarla məhdudlaşmır; ardıcıl quraqlıq və güclü yağışlar meşə yanğınlarını və daşqınları gündəlik həyatın bir hissəsinə çevirib.

İqlim böhranının başqa bir gizli təsiri sağlamlıq sahəsində özünü göstərir. İstiləşən və rütubətli hava tropik xəstəlik daşıyan ağcaqanadların yaşayış sahəsini şimala, Avropanın içərilərinə qədər genişləndirir. Məsələn, əvvəllər nadir görülən denqe qızdırması kimi xəstəliklər indi daha sürətlə yayılır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin də vurğuladığı kimi, iqlim böhranı sürətlənir və bu prosesdə gecikmə həm ekosistem, həm də insan həyatı üçün geri dönməz nəticələr doğura bilər.

Aydın

--> -->