Xəbər lenti

Səfir: Malayziya universitetləri getdikcə daha çox azərbaycanlı tələbəni qəbul edir
Ölkə 21:12 21.10.2025

Səfir: Malayziya universitetləri getdikcə daha çox azərbaycanlı tələbəni qəbul edir

Azərbaycan-Malayziya ikitərəfli münasibətləri getdikcə güclənir.

"Report" xəbər verir ki, bu barədə Malayziyanın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.

"1993-cü ildə diplomatik münasibətlər qurulduqdan bəri bir çox sahələrdə əməkdaşlıq inkişaf etdirilib. Bu il apreldə Malayziyanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edərək ikinci ikitərəfli siyasi məsləhətləşmələrə rəhbərlik edib. Bu məsləhətləşmələr hər iki ölkəyə halal sənaye, İslam maliyyəsi, bərpa olunan enerji, neft-qaz və qida sektorları kimi gəlirli sahələrdə yeni əməkdaşlıq imkanları yaradıb. Məqsədimiz qarşılıqlı fayda naminə ticarət, investisiya və bilik mübadiləsini artırmaqdır. Azərbaycan tərəfindən də yüksək səviyyəli səfərlərin sayı artıb ki, bu da əlaqələrimizin dərinləşməsinin göstəricisidir. Malayziya həmçinin 2026-cı ilin mayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumun və iyun ayında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində yüksək səviyyədə iştirak etməyi səbirsizliklə gözləyir".

Səfir diqqətə çatdırıb ki, akademik səviyyəsi ilə tanınan Malayziya universitetləri getdikcə daha çox azərbaycanlı tələbəni qəbul edir:
"Azərbaycan hökumətinə bir sıra aparıcı Malayziya universitetlərini dövlət təqaüd siyahısına daxil etdiyinə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə daha çox Malayziya universiteti bu siyahıya daxil ediləcək və bu da xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Hazırda 23 azərbaycanlı tələbə Malayziyada müxtəlif proqramlar üzrə təhsil alır, eyni zamanda 5 malayziyalı tələbə Azərbaycandakı universitetlərdə oxuyur. Bu dinamikanı davam etdirmək məqsədilə səfirlik bu ilin noyabr ayında dördüncü Malayziya Təhsil Sərgisini əşkil edəcək. Sərgidə təxminən 10 Malayziya universiteti iştirak edəcək".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->