Sakit okeanda güclü iqlim hadisəsi – El Nino formalaşır və yaxın aylarda bütün planet üzrə hava şəraitinə ciddi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN xəbər verir.
Alimlər artıq bu prosesin yalnız sürətlə yaxınlaşdığını deyil, həm də müşahidə tarixində ən güclülərdən biri ola biləcəyini bildirirlər.
Tədqiqatçıların sözlərinə görə, El Ninonun yay sonu və ya payızın əvvəlində inkişaf etməyə başlaması gözlənilir. Eyni zamanda, hadisənin nadir və daha güclü forması olan "super El Nino" səviyyəsinə çatma ehtimalı da var. Belə hadisələr nadir baş versə də, onların qlobal iqlimə təsiri daha ağır olur.
Alimlər izah edirlər ki, El Nino tropik Sakit okeanda suyun səth temperaturu normadan ən azı 0,5°C yüksək olduqda yaranır. "Super” səviyyə üçün isə bu fərq 2°C-dən çox olmalıdır. Müasir iqlim modellərinin bəziləri artıq məhz bu ssenarini proqnozlaşdırır.
Hazırda okeanın səthi altında anormal dərəcədə isti su kütlələri müşahidə olunur və onlar Sakit okeanın qərb hissəsindən şərqə doğru hərəkət edir. Bu isə El Ninonun əsas ilkin əlamətlərindən biri hesab olunur. Mütəxəssislərin fikrincə, okeandakı temperatur dəyişiklikləri atmosferdə zəncirvari reaksiyalar yaradaraq yağıntıların paylanmasına və küləklərin istiqamətinə qlobal təsir göstərir.
Gözlənilir ki, bu hadisənin təsiri dünyanın müxtəlif bölgələrində fərqli olacaq. Avstraliya və Cənubi Amerikanın bəzi hissələrində quraqlıq və meşə yanğınları riski artacaq. Şərqi Afrika və Asiyanın bəzi bölgələrində isə güclü yağışlar və daşqınlar mümkündür. ABŞ-da isə bu fenomen adətən güclü qış fırtınaları və cənub ştatlarında daşqın riskinin artması ilə müşayiət olunur.
Bundan əlavə, El Nino Atlantik okeanında qasırğa mövsümünə də təsir edə bilər. Atmosferin yuxarı qatlarında külək kəsilməsinin artması tropik fırtınaların formalaşmasını çətinləşdirə bilər.
Alimlər həmçinin vurğulayır ki, okeandan atmosferə böyük həcmdə istiliyin ötürülməsi qlobal temperaturun artımını sürətləndirir.
Mütəxəssislərin fikrincə, güclü El Nino formalaşarsa və qışa qədər davam edərsə, 2026 və ya 2027-ci illərdə, yaxud hər iki ildə XIX əsrdən bəri qeydə alınan ən yüksək temperatur rekordları yenilənə bilər.
Bununla belə, alimlər qeyd edirlər ki, hadisənin gücü ilə bağlı hələ də müəyyən qeyri-müəyyənlik qalır. Yaz aylarında edilən proqnozlar ənənəvi olaraq daha az dəqiq olur, bu isə "yaz proqnoz baryeri” ilə izah edilir.
Aydın
Şərhlər