Bu ilin ilk iki ayında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ümumilikdə 368 milyon 403,5 min manat vəsait xərcləyib. Statistikaya əsasən, ən çox xərcləyən turistlər Rusiya, Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrdən səfər etmiş şəxslər olub.
İlk pillədə Rusiyadan olan turistlər dayanır ki, onlar bu dövrdə 85 milyon 765,0 min manat xərcləyiblər. Siyahıda müvafiq olaraq ikinci yerdə 48 milyon 028,4 min manat ilə Türkiyə vətəndaşları, üçüncü yerdə isə 31 milyon 415,1 min manatla Hindistan vətəndaşları yer alıb.
Dördüncü sırada Səudiyyə Ərəbistanı vətəndaşları (21 milyon 007,5 min manat), beşinci yerdə isə Pakistan vətəndaşları qərarlaşıb (19 milyon 579,2 min manat). Onları İsrail (16 milyon 022,0 min manat) və Qazaxıstan vətəndaşları (14 milyon 027,4 min manat) izləyib.
Bəs bu ölkələrdən gələn turistləri üçün Azərbaycan niyə daha çox cəlbedici görünür?
Qaynarinfo-nun məlumatına görə, xüsusilə Rusiya və Türkiyədən gələn turistlər üçün Azərbaycan coğrafi baxımdan yaxın və əlçatan hesab olunur. Qısa uçuş müddəti, viza prosedurlarının sadəliyi və müntəzəm aviareyslər bu ölkələrdən turist axınını artıran əsas faktorlardandır.
Digər tərəfdən, xeyli sayda soydaşımız Rusiya vətəndaşıdır. Bu faktı nəzərə alsaq, o zaman ölkəyə daha çox Rusiyadan turist gəlməsi mümkündür. Son 2-3 ildə isə Azərbaycan səfər edən türk turistlərin sayında artım müşahidə olunur. Onlara Azərbaycan və özləri ilə oxşar olan mədəni nümunələr, mətbəxi daha çox maraqlı gəlir.
Hindistan və Pakistan kimi ölkələrdən gələn turistləri isə Azərbaycana cəlb edən ölkə mədəniyyətinin Şərq mədəniyyəti ilə bənzərliyidir.
Bundan başqa, son illər Azərbaycanda tibbi turizmin inkişaf etməsi, ölkədə fəaliyyət göstərən müxtəlif dünyamiqyaslı markaların bazarının olması, insanları alış-verişə həvəsi və marağı, mədəni istirahət üçün şəraitin yaradılması ölkəyə xarici turistlər tərəfindən olan marağın artma səbəblərindən hesab etmək olar. Xüsusilə İsrail və Qazaxıstan vətəndaşları üçün bu cür turizm xidmətləri daha çox maraqlıdır.
Təbiətinə görə də Azərbaycanı seçən turistlər az deyil. Azərbaycanın zəngin təbiəti – dağlar, dəniz, meşələr və termal mənbələr turistlər üçün cəlbedici görünür. Qış turizmi, ekoturizm və kənd turizmi xüsusilə Səudiyyə Ərəbistanı kimi ölkələrdən gələnlər üçün maraqlıdır.
Bütün bunlardan vacib isə təhlükəsizlik və sabitlik məsələsidir. Xüsusi ilə baş verən hadisələrin fonunda regionda sabit və təhlükəsiz ölkə kimi tanınan Azərbaycan turistlər üçün daha çox cəlbedici görünür. Ailəvi səfərlər etmək istəyən turistlər üçün Azərbaycan daha rahat və əlçatan bir yer kimi görünür. Paytaxt Bakı küçələrində, regionlarda turizm obyektlərində tez-tez ərəb ölkələrindən, Pakistandan, İrandan gələn ailəvi turistlərə tez-tez rast gəlmək olar.
Qeyd edək ki, artıq bir neçə ildən çoxdur Azərbaycanda turizm sektorunda nəzərəçarpacaq qədər irəliləyiş, inkişaf var. Hər ötən dövr ərzində müxtəlif istiqamətlərdə ölkənin turizm potensialı artır. Bu sahədə çeşidlilik genişlənir. Turizm şirkətləri tərəfindən təqdim edilən tur paketlər isə turistlərin maraqları əsasında formalaşdırldığı üçün Azərbaycana səfər edənlərin sayı artır. Ölkə gələn hər turist isə ölkə iqtisadiyyatına, xidmət sektorunun inkişafına təsir edir.
Günay İlqarqızı
Şərhlər