Rusiyada "Sukhoi Superjet" təyyarəsi Moskva yaxınlığında qəzaya uğradıqdan bir gün sonra daha bir eyni markalı təyyarə havada xarab olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, "Sukhoi Superjet-100" generatorun nasazlığı səbəbindən Mineralnıye Vodıda təcili eniş edib. Söhbət Nijnivartovskdan uçan "Azimut" aviaşirkətinin təyyarəsindən gedir.
"O, generatorun nasazlığı səbəbindən təcili eniş tələb edib. Təyinat aeroportunda eniş normal olub", deyə bildirilib.
Ukraynalı hərbi-siyasi şərhçi Oleksandr Kovalenko bildirib ki, 2022-ci ildə Rusiyaya Ukraynanı işğal etdiyinə görə sanksiyaların tətbiqindən sonra nəinki "Sukhoi Superjet-100" təyyarələrinin istehsalı qeyri-mümkün olub, hətta texniki xidmət də dayanıb:
"Bu gün "Sukhoi Superjet-100" təyyarələrinin bəziləri uçmur, çünki onların yerinə yetirilməsi mümkün olmayan təmir tələb olunur. Təyyarələrin bəzilərinin ehtiyat hissələri digər təyyarələrə texniki qulluq üçün sökülüb. Amma, ümumilikdə təyyarənin aşağı etibarlılığını nəzərə alaraq, onun daim təmirə və ehtiyat hissələrinə ehtiyacı var. Vaxt var idi Rusiya təbliğatı "Sukhoi Superjet-100"ü "Airbus" və "Boeing"in qatili adlandırırdı. Hələlik "Sukhoi Superjet-100" yalnız sərnişinlərini öldürür".
Xatırladaq ki, iyulun 12-də "Sukhoi Superjet 100" təyyarəsi Moskva vilayətinin Kolomenski rayonunun Apraksino kəndi yaxınlığında qəzaya uğrayıb. Qeyd olunub ki, "Qazprom-Avia" aviaşirkəti Luxovitski aviasiya zavodunun ərazisindən Vnukovo hava limanına planlı təmirdən sonra sınaq uçuşu həyata keçirib.
Təyyarə meşəyə düşüb və partlayıb, göyərtəsində olanların hamısı həlak olub. Düşməzdən əvvəl layner qəza siqnalı verib. Təyyarə yerə enməyə çalışıb. İlkin məlumatlara görə, "Sukhoi Superjet 100"ün qəzaya uğramasına səbəb fransız mühərrikinin nasazlığı ola bilər.
Aydın
Şərhlər