ABŞ-da bir çox tanınmış siyasətçi və diplomatın üzv olduğu "Kəllə və sümüklər" (Skull and Bones) adlı gizli klub ölkənin ən nüfuzlu və sirli tələbə təşkilatlarından biri hesab olunur. Təkcə tarixçəsi deyil, üzvlərinin kimliyi də bu klub ətrafında geniş maraq doğurur.
"Kəllə və sümüklər" nədir?
Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, "Kəllə və sümüklər" qardaşlığı 1832-ci ildə ABŞ-ın məşhur Yel Universitetində yaradılıb. Klubun əsasını elita təşkil edir və ora yalnız ən nüfuzlu, ağıllı, əlaqəli və liderlik qabiliyyətinə malik tələbələr seçilir. Hər il yalnız 15 sonuncu kurs tələbəsi qəbul olunur.
Təşkilatın rəmzi - kəllə və çarpaz sümük (pirat bayrağını xatırladır) simvoludur və altında "322" rəqəmləri yazılır. Klub üzvlərinə "sümüklər" (ingiliscə "bonesmen”) deyilir. Onların toplantıları və qəbul mərasimləri "Məzar" adlanan qapalı binada keçirilir.
Klub ətrafında müxtəlif şayiələr dolaşır - gizli ayinlər, mistik rituallar, mason bağları və s. Təşkilatın daxili fəaliyyəti ciddi şəkildə məxfi saxlanılır. Hətta Hollivud bu sirli atmosferdən ilhamlanaraq "The Skulls" (Kəllələr) adlı triller filmi də çəkib.
Kimlər bu qardaşlığın üzvü olub?
Bu klubun üzvləri arasında ABŞ prezidentləri, dövlət katibləri, senatorlar, bankirlər, biznesmenlər və kəşfiyyatçılar yer alır. Bu qardaşlıq, onun üzvlərinə güclü əlaqələr və siyasi dəstək təmin edən bir şəbəkə formalaşdırır.
Ən tanınmış üzvlərdən bəziləri:
* Uilyam Hovard Taft – ABŞ-ın 27-ci prezidenti və keçmiş Ali Məhkəmə sədri
* Corc Buş (ata) – ABŞ-ın 41-ci prezidenti, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri
* Corc Buş (oğul) – ABŞ-ın 43-cü prezidenti
* Aleksandr Heyq – Ronald Reyqan dövründə dövlət katibi
* Averell Harriman – Nyu-York ştatının keçmiş qubernatoru və ticarət naziri
* Con Kerri – 2004-cü ildə ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd, sabiq dövlət katibi
* Makvey Franklin – keçmiş maliyyə naziri
* Uilyam Bandi – ABŞ Dövlət Departamenti və MKİ-də yüksək vəzifəli şəxs
* Robert Lavett – ABŞ-ın keçmiş müdafiə naziri, "Marşal planı"nın memarlarından biri
* Harold Stenli – "Morgan Stanley" bankının həmtəsisçisi
* Henri Stimson – Trumen administrasiyasında müdafiə naziri
* Henri Luss – "Time", "Life" və "Fortune" jurnal və nəşrlərinin yaradıcısı
Bu siyahıya çoxsaylı senatorlar, yazıçılar, diplomatlar, iqtisadçılar, aktyorlar və idmançılar da daxildir.
Maraqlı fakt
2004-cü il ABŞ prezident seçkilərində hər iki namizəd - Respublikaçı Corc Buş və Demokrat Con Kerri - "Kəllə və sümüklər" təşkilatının üzvü idi. Bu da klubun Amerika siyasi elitasındakı təsir gücünü bir daha sübut edir.
Aydın
Şərhlər