"Düşünmürəm ki, Yaxın Şərqdəki 12 günlük münaqişə Rusiyanın Ukrayna cəbhəsində xeyrinə işləyib. Hadisələrin gedişi onsuz da göstərir ki, heç nə Rusiyanın əl-qolunu bağlamır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Yaxın Şərqdəki 12 günlük münaqişənin Rusiyanın xeyrinə işlədiyi barədə səslənən fikirləri şərh edərkən deyib.
Zərdüşt Əlizadənin fikrincə, təəssüf ki, hər hansı bir bədbəxtlikdən istifadə edən insanlar, dövlətlər həmişə tapılır:
"Azərbaycan xalqının bu barədə acı bir atalar misalı var: "Biri ölməsə, biri dirilməz". Sözsüz ki, ABŞ və İsrailin İrana qarşı hərəkətləri Vaşinqton və Təl-Əvivi özünə dost saymayan dövlətlərə öz maraqlarının təmin edilməsi yolunda müəyyən bir üstünlük qazandırdı".
Ekspert qeyd edir ki, heç nə Rusiyanın əl-qolunu bağlaya bilmir:
"Bütün hallarda düşünmürəm ki, Yaxın Şərqdəki 12 günlük münaqişə Rusiyanın Ukrayna cəbhəsində xeyrinə işləyib. Onsuz da hadisələrin gedişi göstərir ki, heç nə Rusiyanın əl-qolunu bağlamır. Heç bir hüquqi müddəalar, insani dəyərlər, heç nə Rusiyanın Ukraynadakı vəhşi hərəkətlərini məhdudlaşdırmadı. Ruslar ağına-bozuna baxmadan yenə də dinc əhalinin olduğu şəhərləri, qəsəbələri vurmaqda davam edir. Tramp adminstrasiyası onsuz da bildirib ki, Ukraynaya hərbi yardımı müəyyən həddə saxlayacaq, sonra isə tamamilə ləğv edəcək".
Qeyd edək ki, "Bloomberg” nəşrinin yazarı Mars Çempion Yaxın Şərqdə 12 gün davam edən müharibənin Rusiyanın xeyrinə işlədiyini bildirib.
Çempion yazır ki, Yaxın Şərqdə yeni müharibənin alovlanması dünya ictimaiyyətinin diqqətini, siyasi və hərbi resursları Ukraynadan yayındırdı və bu da Putinə daha geniş hərəkət azadlığı verdi.
ABŞ daha çox HHM sistemlərinə ehtiyac duyacaq və bu, Ukrayna üçün yardımın azalması ilə nəticələnəcək”, deyə Çempion yazır.
Onu da xatırladaq ki, Tramp administrasiyası əsas diqqətin Çin və Yaxın Şərqdəki təhdidlərə yönəldilməli olduğunu bildirərək, Ukraynaya əsas silah tədarükünü dayandırıb.
Rüfət Sultan
Şərhlər