"İrəvanın Rusiya ilə Azərbaycan arasındakı gərginlikdən fürsətcil şəkildə istifadə etməsi mükünsüzdür".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistanın Rusiya-Azərbaycan gərginliyindən ilhamlanıb, təhlükəli illüziyalara qapılması ehtimalı və bunun Ermənistana hansı təhlükəli nəticələr verəcəyini şərh edərkən deyib.
"Ermənistan Azərbaycanın yaratdığı reallığı və Türkiyənin bölgədəki rolunu yaxşı anlayır. Digər tərəfdən, bu fürsətdən sui-istifadə etməsinə Qərbin yaxşı reaksiya verməyəcəyinin də fərqindədir. Çünki Qərb Qafqazda növbəti müharibənin alovlanması ilə Rusiyanın regionda yenidən möhkəmlənməsində maraqlı deyil", deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert qeyd edir ki, bu münaqişə kənardan alovlandırılıb:
"Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən hər zaman vurğulayıb ki, bu münaqişədə İrəvandan öndə dayanan dövlətlər var. Son baş verən hadisələr də bir daha təsdiqləyir ki, bu məsələ təkcə Ermənistan-Azərbaycan münaqişəsi məsələsi deyil. Bu münaqişə əkilən, becərilən münaqişə olub. Bölgədə geosiyasi marağı olan dövlətlər həmin münaqişəni alovlandırıblar. Məqsəd də imperiya maraqlarını qorumaq olub".
Ekspert bildirir ki, yaranmış vəziyyət hər hansı bir dövlətin ölkəmizə qarşı müdaxiləsini mümkünsüz edir:
"Paşinyan hakimiyyəti də Rusiyadan qopma istiqaməti götürüb. Ondan qopmadan İrəvan Qərbin çətiri altına düşə bilməz. Rusiya isə son zamanlar postsovet məkanında, Cənubi Qafqazda möhkəmlənmək üçün bəhanə axtarır. Azərbaycana qarşı Moskvanın davamlı şəkildə atdığı son addımlar da ölkəmizi yenidən Rusiyanın orbitinə qaytarmağa çalışmaq cəhdidir. Ancaq unudurlar ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Azərbaycan NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqlik münasibətindədir. Bu da bütün mənalarda Azərbaycanın immunitetini gücləndirir".
Bu baxımdan da, ekspertin fikrincə, Ermənistanın Bakı ilə Moskva arasında yaşanan sərinliyə fürsət kimi baxmaq istəyinin heç bir nəticəsi olmayacaq:
"İrəvan bu fürsətdən ilhamlanıb Azərbaycana qarşı hansısa bir təhlükəli illüziyalara qapıla bilməz. Çünki onun hərbi potensialı buna imkan vermir. Habelə, belədə onlar psixoloji baxımdan da məhv olacaqlar. Digər tərəfdən, Ermənistanın hazırki hakimiyyəti Rusiyadan uzaqlaşmaq kursu götürdüyündən o da Moskvanın indiyə qədər ondan alət kimi istifadə etdiyinin fərqindədir. Paşinyan Türkiyə və Azərbaycan vasitəsilə Qərbə çıxmaq istəyir. Yəni o da başa düşür ki, artıq belə davam edə bilməz və istiqamət dəyişməlidir".
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında yaşanan gərginlikdən bəzi xarici qüvvələr Ermənistanı yenidən ölkəmizə qarşı qaldırmaq üçün istifadə edə bilərlər. Ən azından həm Ermənistan daxilində, həm də xaricdə bunda maraqlı olan qüvvələr var.
Bu mənada mövcud vəziyyətdə Ermənistan Rusiya-Azərbaycan gərginliyindən ilhamlanıb, təhlükəli illüziyalara qapıla biləcəyini də istisna etmək olmaz.
Rüfət Sultan
Şərhlər