"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalması təkrar ixrac sahəsindən qaynaqlanır".
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Rusiya ilə Ermənistan arasında son illər artan ticarət dövriyyəsinin birdən-birə kəskin azalmağa doğru istiqamət götürməsini şərh edərkən deyib.
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalması gözlənilən idi. Əvvəlki illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artması ilə bağlı göstəricilər 2022-ci ildə başlanan Rusiya-Ukrayna konflikti fonunda şimal ölkəsinə tətbiq edilən sanksiyalardan yayınma istiqamətində təşəbbüslərdən qaynaqlanan göstəricilər idi", deyə ekspert bildirib.
İqtisadçı qeyd edib ki, iki ölkə arasında ticari əlaqələrdə azalmanın baş verəcəyi gözlənilən idi:
"Nəticədə bir neçə il bundan qabaq iki ölkə arasında ticarət dövriyyəsi xeyli yüksəldi. Ermənistanın Rusiyaya ixrac etdiyi məhsulların strukturuna baxanda bunu açıq aydın hiss etmək olar. Məsələn, yarım milyard dollara yaxın dəyəri olan kompüter texnologiyaları, 400 milyon dollarlıq avtomobil, 250 milyon dollarlıq brilyant kimi məhsulların Ermənistandan Rusiyaya ixracı, habelə şimal ölkəsinin qızıl məmulatlarının BƏƏ bazarına İrəvan üzəridən ixracı kimi məsələlər səbəbindən tərəflər arasında ticarətdə sözügedən artımlar baş verdi. Amma aydın idi ki, orta və uzunmüddətli dövrdə sanksiyaların ardıcıllığı, üçüncü ölkələr tərəfindən sanksiyaların təsirini azaltmaqla bağlı atılan addımların neytrallaşdırılması yolunda müxtəlif təşəbbüslərin ortaya qoyulması son nəticədə belə imkanların məhdudlaşdırılmasına gətirib çıxardı".
Rəşad Həsənov düşünür ki, burada digər faktor kimi orta və uzunmüddətli dövrdə Rusiyadakı bazar iştirakçılarının yeni konfiqurasiyaya uyğunlaşması, istiqamətləri şaxələndırmələri, müxtəlif yollardan istifadə etməklə sanksiyalardan yayınma yollarını tapmaları amillərinin də təsiri olub:
"Başqa bir tərəfdən, son dövrlər Moskva ilə İrəvan arasında siyasi münasibətlərin gərginləşməsi də bu və ya digər şəkildə prosesə öz təsirini göstərib. 2025-ci ilin ötən müddəti ərzində Moskva ən müxtəlif səbəblərlə bir neçə dəfə Ermənistandan Rusiyaya ixrac edilən məhsullara maneələr yaradıb. Bunun özü də kiçik də olsa ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb".
Bu azalmanın daha çox təkrar ixrac sahəsindən qaynaqlanması səbəbindən həmsöhbətimiz müvafiq ticarət dövriyyəsinin kiçilməsinin Ermənistan iqtisadiyyatına çox da böyük təsirlərinin olacağı qənaətində deyil:
"Çünki təkrar ixrac istiqaməti iqtisadiyyatla birbaşa əlaqəsi olmayan və qısa müddətli dövrdə müəyyən gəlir formalaşdıran sahə olaraq ortaya çıxsa da, bu istiqamətdə azalmanın iqtisadiyyata ciddi təsirləri olmur. Düşünürəm ki, növbəti dövrlərdə də Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin azalmasını müşahidə etməkdə davam edəcəyik".
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında ticari əlaqələrdə xeyli azalma baş verib. Bu barədə məlumat verən Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, cari ilin ötən dövrü ərzində Moskva ilə İrəvan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb. Hətta o qeyd edib ki, ilin sonuna qədər bu azalma keçən illə müqayisədə iki dəfəyə qədər olacaq.
Xatırladaq ki, keçən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 12,4 milyard dollar həcmində olub. Bu il üçün isə rəqəmin 6 milyard dollara düşəcəyi proqnozlaşdırılır.
Rüfət Sultan
Şərhlər