ABŞ və İsrailin İranla müharibəsinin nəticələri yalnız neft qiymətlərinin artması ilə məhdudlaşmır. Fars körfəzindən sıxılmış təbii qaz tədarükündəki fasilələr Avropada yeni enerji böhranı riskini artırır ki, bu da dörd il əvvəl Rusiya-Ukrayna müharibəsi sonrası yaranan böhranla müqayisə olunur.
Qaynarinfo BBC.com-a istinadən xəbər verir ki, dörd il əvvəl Avropa İttifaqı və digər Avropa ölkələri Rusiya qazından asılılığı xeyli azaltmış, Ukrayna müharibəsindən əvvəl Rusiya Avropanın təbii qaz ehtiyacının təxminən yarısını təmin edirdi. Yeni müharibə isə qlobal bazarda xammal defisitinə səbəb olub və Vladimir Putinə Avropaya qarşı yenidən üstünlük qazanmasına şərait yaradıb.
Hörmüz boğazının bağlanması Avropanı çətin vəziyyətə saldı
İranla müharibə nəticəsində Hörmüz boğazı bağlanıb. Buradan dünya bazarına təxminən 20% neft və neft məhsulları, həmçinin eyni miqdarda sıxılmış təbii qaz ixrac olunur. Ən böyük istehsalçı olan Qatar İrandan dron hücumları səbəbindən ixracı dayandırıb, mövcud zavodu bağlayıb və yeni zavodun istifadəyə verilməsini təxirə salıb.
Bruegel Avropa Araşdırma Mərkəzinin iqtisadçısı Simone Tagliapietra bildirib ki, Avropa Yaxın Şərqdən enerji asılılığı az olmasına baxmayaraq, qiymətlər qlobal bazara bağlı olduğundan dərhal təsirlənib. Hörmüzdən tədarük dayansa, Avropa qalan qaz partiyaları üçün Asiya ilə rəqabət aparmalı olacaq, bu da qiymətlərə təsir edəcək.
Rusiya qazına alternativ tapılıb, amma risk hələ də var
Avropa Rusiya qazından asılılığını azaldıb, əvəzində Norveç və ABŞ-dan qaz alır. Lakin enerji mənbələri dünya bazarında rəqabətli qiymətlərlə tədarük olunur və bu, əsas təhlükədir. "Eurasia Group"un analitiki Henning Gloystein bildirir ki, vəziyyət çox ciddidir və Avropanın artıq narahat olmasının vaxtıdır.
Vladimir Putin isə Avropaya qaz tədarükünü Asiyaya yönəltmək planını açıqlayıb. Bu, qiymətləri artıraraq Kremlin Avropadakı müttəfiqlərinin mövqeyini gücləndirir və "Arktik SPG-2” layihəsi üzrə sanksiyaların yumşaldılması üçün arqument yaradır.
Ekspertlər hesab edir ki, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün yeganə yol fosil yanacaqlardan asılılığı azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid sürətləndirməkdir. Tagliapietra bildirib ki, yeni böhrana səbəb olmadan aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirmək lazımdır. Beləliklə Avropa iqtisadiyyatını xarici sarsıntılardan etibarlı şəkildə qoruyacaq.
Günay
Şərhlər