Xəbər lenti

Rusiya dayandırlmasa daha hansı ölkələri Ukraynanın taleyi gözləyir? (ŞƏRH)
Dünya 23:47 29.02.2024

Rusiya dayandırlmasa daha hansı ölkələri Ukraynanın taleyi gözləyir? (ŞƏRH)

"Ukrayna cəbhəsində Rusiya dayandırılmasa, oxşar proseslər Moldova və digər postsovet ölkələrində də təkrarlanacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev son zamanlar Moldovanın Dnestryanı bölgəsində kəskinləşməyə doğru istiqamət götürən situasiyanı şərh edərkən deyib. 

Üzeyir Şəfiyev bildirib ki, Rusiya Dnestryanı bölgədə də Cənubi Osetiya və Abxaziyada istifadə etdiyi oxşar taktikadan istifadə edir:

"Dnestryanıda təxminən 250-300 min rus yaşayır. Moskva buradakı rus əhalisinə Rusiya pasportu da verib. Son nəticədə rus icmasından öz məqsədlərini həyata keçirmək üçün alət kimi istifadə edir. Kreml iddia edir ki, guya burada guya rus icmasına qarşı Kişinyov tərəfindən təcrid siyasəti həyata keçirilir. Dnestryanı vasitəsilə Kreml bir növ Moldovanı nəzarətdə saxlamağa çalışır. Kişinyov Avropa İttifaqına doğru inteqrasiya yolunu tutub ki, bu da Rusiyanı qıcıqlandırır".
 


Həmsöhbətimiz yaranmış vəziyyəti dəyərləndirərək qeyd edib ki, Moldovada da Ukraynaya bənzər oxşar proseslər gedə bilər:

"Amma Ukrayna Moskva ilə müharibədən qalib çıxarsa, Rusiyanın Moldova ilə bağlı ambissiyalarına da son qoyulacaq. Bu mənada Kişinyovun əsas ümid yeri Ukraynanın qələbəsidir. Lakin müharibə Rusiyanın qələbəsilə başa çatarsa, Ukrayna, Moldova və digər postsovet məkanı ölkələrinin Qərbə inteqrasiyası ciddi problemlərlə üz-üzə qalacaq. Rusiya bu əsasda Ukraynada atdığı addımı Moldova və digər postsovet ölkələrində də edəcək. Hətta Şərqi Avropa və Baltik ölkələri üçün də belə bir təhlükə mövcuddur. Bir sözlə, Ukrayna cəbhəsində Rusiya dayandırılmasa, oxşar proseslər Moldova və digər postsovet ölkələrində də təkrarlanacaq. Rusiyanın məğlubiyyəti isə bu ölkələrin avrointeqrasiyaya yolunu açacaq. Təəssüf ki, Avropa İttifaqı bu məsələlərə bir qədər ehtiyatla yanaşır. Onlar münaqişəli bölgələri öz sıralarına  qəbul etməkdən çəkinirlər". 

Qeyd edək ki, son günlər Dnestryanı bölgədə vəziyyət yenidən gərginləşir. Ərazidəki separatçılar Kişinyovun onları sıxışdırdığı, iqtisadi blokadaya aldığını bəhanə edərək, Moskvanı "köməyə" çağırıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->