Qulaq məməsindəki az nəzərə çarpan qırış ürək-damar xəstəliklərinin riskini göstərə bilər. Bu, Frank simptomu adlanan diaqonal qırışdır və bir sıra tədqiqatlara görə, koronar ürək xəstəliyi ilə əlaqələndirilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə kardioloq Endryu Frimen TODAY.com saytında "Ekspertin günün məsləhəti” bölməsində danışıb.
Frank simptomu nədir?
Frank simptomu (DELC) – qulaq məməsindəki 45 dərəcə bucaq altında davamlı diaqonal qırışdır və ləpənin təxminən iki üçüncü hissəsini əhatə edir. Bu əlamət ilk dəfə 1970-ci illərdə pulmonoloq Sanders T. Frank tərəfindən təsvir olunub və ürək işkemik xəstəliyi ilə əlaqələndirilib.
Kardioloq Endryu Frimen deyir ki, bu qırışın görünməsi damar çatışmazlığının göstəricisi ola bilər.
Tədqiqatlar nə deyir?
2024-cü ildə "American Journal of Medicine"də dərc edilmiş tədqiqat göstərib ki, diaqonal qırışı olan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski xeyli yüksəkdir, xüsusilə qırış dərin və hər iki qulaqda mövcuddursa.
Alimlər hesab edir ki, qırış qulaq məməsindəki elastik liflərin zəifləməsi nəticəsində yaranır və bu, mikrodamar dəyişiklikləri ilə əlaqədar ola bilər. Belə proseslər koronar arteriyalarda da baş verə bilər.
Bəzi tədqiqatlar göstərir ki, bu qırış gənc xəstələrdə ürək xəstəliklərinin proqnostik göstəricisi ola bilər. Lakin digər alimlər vurğulayır ki, bu simptom tək başına koronar ürək xəstəliyini diaqnoz etmək üçün kifayət deyil.
Narahat olmalıyıq?
Kardioloqlar bildirirlər ki, Frank simptomu yalnız potensial korrelyasiyaedici siqnaldır, müalicə üçün birbaşa əsas deyil. Həkimlər bu qırışı müstəqil diaqnostik kriteriya kimi istifadə etmirlər.
Amma əgər belə qırışı özünüzdə müşahidə edirsinizsə, mütəxəssislər ümumi ürək-damar riskinizi qiymətləndirmək üçün həkimə müraciət etməyi tövsiyə edirlər.
Ürək xəstəliklərinin qarşısının alınmasında ən effektiv yol sağlam həyat tərzidir – balanslı qidalanma, fiziki aktivlik, qan təzyiqinin idarə olunması və zərərli vərdişlərdən imtina.
Aydın
Şərhlər