Xəbər lenti

Priqojin qiyamının senarisini kim yazıb, Putini nə gözləyir və “dərin dövlət” nə düşünür?
Azər Rəşidoğlu
Dünya 11:37 24.06.2023

Priqojin qiyamının senarisini kim yazıb, Putini nə gözləyir və “dərin dövlət” nə düşünür?

Rusiya prezidenti Vladimir Putinin "aşpazı” adlandırılan Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Müdafiə Nazirliyində rəhbərlik dəyişikliyinə nail olmaq üçün silahlı üsyana qərar verib. 

Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) Priqojinin öhdəliyinin uğuruna inanmır: "...Görünür, Priqojin iyunun 23-də Rusiya Müdafiə Nazirliyində uğur qazana bilməyən rəhbərlik dəyişikliyinə məcbur etmək üçün silahlı qiyam qaldırıb”, - analitiklər yeni hesabatlarında qeyd ediblər. Rusiya Baş Prokurorluğu Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı ilə bağlı iş açıb. Belə bir cinayətə görə Rusiya Federasiyasında 12 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.

İyunun 23-də Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan hərbçiləri vaqnerçilərə hücumda ittiham edib. Daha sonra Vaqner üzvləri Rusiya hərbi rəhbərliyini "dayandırmağa” gediblər. Vaqner iddia edir ki, "bu gün bizim oğlanlarımızı məhv edənlər, on minlərlə rus əsgərinin həyatını məhv edənlər cəzalandırılacaq". Üsyançılara qarşı mübarizəyə Rusiya təhlükəsizlik qüvvələri cəlb edilib. Şəbəkədə "Vaqner" kolonunun Rostov vilayətinə daxil olması barədə məlumatlar ortaya çıxıb, atışmaların olduğu bildirilib. Xeyli əsgər və hüquq-mühafizə orqanlarının əməkdaşı "Vaqner”ə qarşı müqavimət göstərməkdən imtina edib və silahı yerə qoyub. Bundan əlavə, medianın muzdlular tərəfindən üç helikopterin məhv edilməsindən xəbər tutduğu iddia edilir. 

Nə baş verir?

Məsələ ondadır ki, Rusiyada FSB ilə digər güc nazirlikləri arasında ciddi qarşıdurma həmişə müşahidə edilib. Lakin heç vaxt bu qarşıdurma hakimiyyəti laxladacaq həddə çatmayıb. İndi isə məsələ tamamilə fərqlidir. Rusiya siyasi və hərbi elitası gözəl anlayır ki, ölkə uçuruma gedir. Odur ki, elita xilas olmaq üçün çıxış yolları axtarır. Priqojinin bu oyunda sadə icraçıdır. O, "dərin dövlət” tərəfindən verilən tapşırıqları yerinə yetirir. Bu oyunda müdafiə naziri Şoyqu da əslində, heç kimdir. Priqojin Şoyqunu hədəf seçməklə əslində Putini küncə sıxır. Ən maraqlısı isə odur ki, Putinin ətrafında olan "dərin dövlət” anlayır ki, Kremlin sahibini dayandırmağın zamanıdır. Putin getməlidir. Əks təqdirdə, siyasi və hərbi elita məhv olacaq. Putin özü ilə bərabər Rusiyanı da məhvə sürükləyir və odur ki, hamının çoxdan gözlədiyi qiyam baş verdi. Sonucdan asılı olmayaraq, bu qiyam Putinə ağır zərbə olacaq.

Priqojin hara qədər gedəcək?

Priqojin hərbi qiyam qaldırıb və çevrilişə gedir. Sual olunur – o, hara qədər gedə bilər? Onun qalib gəlmək şansı varmı? Rusiya siyasi ekspertləri hesab edirlər ki, əsas hərbi qarşıdurma Moskvda deyil, Taqanroq ətrafında olacaq. Çeçen döyüşçülərin lideri R. Kadırov və Priqojin orada üz-üzə gələcək və Putinin taleyini bu qarşıdurmadan kimin qalib çıxacağı həll edəcək. R.Kadırov birbaşa Putinə tabedir, onun qruplaşmasının müasir silahları var, Priqojin belə silahlara malik deyil, amma o, artıq xalq qisasçısına çevrilib və onu Putin diktaturasından bezən yüz minlərlə insan dəstəkləyir.

Priqojin tərəfdarları deyir ki, baş verənlərə Putin münasibət bildirməldir və əlavə edirlər …”əgər, bizim prezidentimiz hələ mövcuddursa”... 

Senarini Narışkin yazıb?

Prqiqojin artıq Putini prezident kimi qəbul etmir. Bir sözlə, Priqojin açıq-aydın hərbi çevriliş oyunu oynayır və bu prosesdə Qərblə sıx təmasları olan Rusiyanın "baş kəşfiyyatçısı” Narışkinin əlini gücləndirir. Rusiyanın əksər şəhərlərində küçələrə tankların çıxarılması onu deməyə əsas verir ki, məsələ ciddidir. Ən ziddiyyətli məqam isə ondan ibarətdir ki, güc nazirlikləri heç Priqojini də dinləmirlər, prosesə Priqojinə tabe olmayan hərbi hissələr də qoşulub və onlar da siyasi və hərbi hakimiyyətə itaətsizlik nümayiş etdirirlər. Putin çətin vəziyyətdədir. O, Rusiya şəhərlərini bombalaya bilməz. Amma söhbət ağlını itirmiş diktatordan gedir…

Oliaqrxiya Putinə qarşı

10 ildən çox həbsdə yatmış Rusiya müxalifətinin liderlərindən olan milyarder Mixail Xodorkovski Priqojinin hərəkətlərini dəstəkləyib. O, öz teleqram kanalında vurğulayıb ki, Priqojinin üsyanı Putinin reputasiyasına ən güclü zərbədir. "Kreml trolları özünü dağıdır ki, sabah hər şey qaydasına düşəcək. Ancaq bu olmayacaq!" - Xodorkovski yazır. O qeyd edir ki, vəziyyət açıq şəkildə "Vaqner” qrupunun və onun liderinin Kremlin nəzarətindən tamamilə çıxdığını göstərir. Keçmiş oliqarx Priqojinin müharibə başlayandan bəri "müharibə əleyhinə müxalifətin” dediklərini indi "sözbəsöz” dilə gətirməsini diqqətəlayiq hesab edir. Bu kontekstdə müxalifətçi dinləyicilərini vaqnerçilərə və onların liderini dəstəkləməyə, həmçinin hakimiyyətə Priqojinin Moskvaya gedərkən qarşısını kəsməyə imkan verməməyə çağırıb. "Benzin və dizel yanacağı ilə kömək edin, onu dayandırmaq üçün göndəriləcək qüvvələri inandırın ki, bizim indi ümumi düşmənimiz var. Bəli, ona, bu rejimə qarşı çıxmaq qərarına gəlsə, kömək edin! Bir cinayətkar digərinə müdaxilə etməyə hazırdırsa, ondan üz çevirməyin vaxtı deyil - indi kömək etməliyik, sonra lazım olsa, bununla da mübarizə aparacağıq. Bəli, bu hələ başlanğıcdır", – Xodorkovski çağırışında deyib. 

"DXR” yaraqlılarının keçmiş səhra komandiri İqor Girkin müxalifətçinin bəyanatını şərh edərkən xəbərdarlıq edib ki, bu, yalnız başlanğıcdır – əsas məsələ hökumətyönlü fiqurlar Priqojini dəstəkləməyə başlayanda başlayacaq. "Xodorkovski Priqojini dəstəkləməyə çağırıb. Heç də təəccüblü deyil. Bu, gözlənilən idi. Amma indiki məmurlar və təbliğatçılar "poqonlarını dəyişməyə" başlayanda, daha əyləncəli olacaq. Onlar da artıq başlayıblar. Şurıgin, məsələn, artıq "bitərəflik elan edib”. Təbii ki, xırda-xırda, amma əhəmiyyətli xırdalıqdır”, – Girkin yazıb. 

Qiyam, yoxsa imitasiya?

Bəzi ekspertlər düşünürlər ki, Priqojin qiyamının arxasında Putin özü dayanır və bununla o, Şoyqu, Priqojin və digər rəqiblərindən xilas olmaq istəyir. Lakin nəzərə alsaq ki, Putinin əsas varisi kimi Şoyqunun adı hallanır, bu versiya zəif görünür. Hadisələrin gedişatından asılı olaraq, bu qarşıdurmada Şoyqunun kəlləsi gedə bilər. Ehtimal etmək olar ki, qarşıdurma daha çox Şoyqu ilə Narışkin arasında gedir və kimin qalib gələcəyi Rusiyanın taleyini həll edəcək. 

Putinin xilası - nüvə silahı

Qərb Rusiyadakı qiyamda maraqlıdır. Ukrayna xalqına qarşı savaşan vaqnerçilər hərbi hissələri geri çəkir. Şübhəsiz ki, Ukrayna bundan istifadə edəcək və işğal edilmiş əraziləri azad etməyə çalışacaq. Ukrayna hərbi uğurlar əldə edə bilsə, Putinin bir çıxış yolu qalır - nüvə silahına əl atmaq. Əgər, Ukrayna Krımı azad etmək istəsə, Kreml taktiki nüvə silahından istifadə edə bilər. Putinin hədəfində Kiyevi vurmaqdır. Lakin başlıca sual açıq qalır – onun buna qüvvəsi qalacaqmı? Nüvə silahının "düyməsi” yalnız Putində deyil, bir neçə nəfərdədir və artıq onlar arasında birlik yoxdur.

Putin mifi dağıldı

Proseslərin necə başa çatacağından asılı olmayaraq, artıq Putin mifi dağıldı. Minlərlə insan açıq şəkildə Kremlin sahibinə qarşı güc nümayiş etdirdi. Priqojin bu dəfə məğlub ola bilər. Lakin sanksiyalardan şəxsi maraqları sarsılan elita artıq belə yaşamaq istəmir. Şübhəsiz ki, Priqojinin qələbəsi və ya Rusiyanın vətəndaş savaşına sürüklənməsi hələ real deyil, amma artıq böyük proses başlayıb…

Azər Rəşidoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->