"Xarizmatik lider keyfiyyətləri olmayan Oskanyanın növbəti mərhələdə müxalifətin liderinə çevrilməsi ehtimalı o qədər də yüksək deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rauf Mirqədirov Ermənistanın baş naziri Nikol Paşinyanın debat təklifindən eks-prezidentlərin imtina etməsi fonunda keçmiş XİN rəhbəri Vardan Oskanyanın irəli çıxması ilə onun müxalifətin əsas namizədi olması ehtimalını şərh edərkən deyib.
Rauf Mirqədirovun fikrincə, Paşinyanla debat olarsa, bu Oskanyana müəyyən üstünlüklər verə bilər:
"Düşünmürəm ki, Vardan Oskanyanla bağlı belə nəticələrə gəlmək olar. Nəzərə almaq lazımdır ki, Robert Koçaryan və Serj Sarkisyan publik debatlardan qaçırlar. Hər ikisi hakimiyyətdən gedəndən sonra publik debatlarda iştirak etməyib. Hakimiyyətdə olanda da iştiraka ehtiyac olmadığı üçün onların ümumiyyətlə publik debatlarda iştirak etdiyinin şahidi olmamışam. Koçaryan kifayət qədər qapalı siyasətçi olub. Sarkisyan daha açıq siyasətçi olub, prezidentliyi dövründə jurnalistlərlə görüşürdü. Oskanyan isə xarici işlər naziri olaraq münaqişə mövzusu barədə çox şey bilir. O, kifayət qədər peşəkardır. Paşinyanla debat olarsa, bu Oskanyana müəyyən üstünlüklər verə bilər. Paşinyan nə savadına, nə intelektinə görə güclü şəxsiyyət deyil. O danışıqların diplomatik baxımdan detalları barədə Oskanyan qədər məlumatlı deyil".
Həmsöhbətimiz qeyd edir ki, erməni müxalifəti və Moskva Oskanyana "stavka" etsəydi, bunu çoxdan edərdilər:
"Lakin Oskanyan xarizmatik lider sayılmır. Onun növbəti mərhələdə müxalifətin liderinə çevrilməsi ehtimalı o qədər də güclü deyil. Çünki əhali arasında o qədər də populyar şəxs hesab edilmir. Digər tərəfdən, Moskva və yaxud erməni müxalifəti tərəfindən Oskanyanla bağlı belə bir imkan nəzərdən keçirilsəydi, bu çoxdan baş verərdi. Çünki Oskanyan yeni fiqur deyil, kifayət qədər çoxdandır siyasətdədir. Müxalifət kompromis füqurlar olaraq başqalarını axtarır".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın eks-prezidentləri Qarabağ mövzusu ilə bağlı debata çağırmasına nə Koçaryan, nə Sarkisyan, nə də Ter-Petrosyan müsbət cavab verməyiblər. Əvəzində, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan irəli çıxaraq, Qarabağ məsələsilə bağlı Paşinyanı debata səsləyib.
Vaxtilə Qarabağ məsələsi ətrafında gedən danışıqlarda erməni tərəfini təmsil edən Oskanyan Paşinyanın xalqı aldatmaqda davam etməsinə imkan verməyəcəyini söyləyib. Amma o, Paşinyanla debat üçün bir şərt irəli sürüb. Bu şərtə görə, debatda məğlub olduqdan sonra Paşinyan Qarabağla bağlı siaysətini dəyişəcəyinə, ermənilərin Qarabağa qayıdışı məsələsinə qayıdacağına söz verməlidir.
Paşinyanın debat təklifinin eks-prezidentlər tərəfindən rədd edilməsi fonunda keçmiş XİN rəhbəri Vardan Oskanyanın sinəsini qabağa verməsi istər-istəməz belə təsəvvür formalaşdırır ki, daxildə və xaricdə hazırkı baş nazirə qarşı olan qüvvələr növbəti mərhələdə məhz keçmiş baş diplomatı özlərinin lideri qismində görmək istəyirlər.
Rüfət Sultan
Şərhlər