Avropa İttifaqı Rusiya nefti və qazının idxalına qadağa tətbiqini təxirə sala bilər. Buna ABŞ və İsrailin İrana qarşı apardığı müharibə nəticəsində Fars körfəzindən enerji tədarükündə yaranan fasilələr səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən yazıb.
Agentliyin yazdığına görə, Aİ xüsusilə Rusiya qazından imtina etməyi planlaşdırırdı və itirilən həcmləri Yaxın Şərqdən tədarüklərin artırılması hesabına kompensasiya edəcəyinə ümid edirdi. Lakin hazırda bu planlar risk altına düşüb.
Avropa Komissiyası aprelin 15-də Rusiya neftinin idxalından imtina ilə bağlı təklifi nəzərdən keçirməyi planlaşdırır, lakin qərarın təxirə salınması ehtimalı yüksək qiymətləndirilir.
Bildirilir ki, əsas səbəb İranın Hörmüz boğazını bağlamasıdır. Bu boğaz dünya üzrə neft tədarükünün təxminən 20%-nin və mayeləşdirilmiş təbii qazın (LNG) 30%-ə qədərinin keçdiyi ən mühüm enerji arteriyalarından biridir. Mənbələrin sözlərinə görə, İran rəsmiləri hələlik boğazın fəaliyyətinin bərpası məsələsini müzakirə etməyə hazır deyil.
"Yaxın Şərqdə müharibə dayansa belə, müəyyən müddət ərzində gəmi sahiblərinin bu boğazdan keçməkdən imtina etməsi riski qalır", deyə yüksək vəzifəli Avropa rəsmisi bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Yaxın Şərqdəki müharibənin yaratdığı qlobal qaz tədarükü şokuna baxmayaraq, ilin sonuna qədər Rusiya mayeləşdirilmiş təbii qazının idxalını tam dayandırmaq niyyətindədir.
"Bizim aydın məqsədlərimiz var və biz onlara sadiq qalırıq. Orta və uzunmüddətli perspektivdə planımıza əməl edirik və hədəflərimiz çox aydındır", deyə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Aydın
Şərhlər