Xəbər lenti

Şöhrət tanınmış insanların ömrünü qısaldır (ARAŞDIRMA)
Dünya 18:26 27.11.2025

Şöhrət tanınmış insanların ömrünü qısaldır (ARAŞDIRMA)

Avropa və ABŞ-dan yüzlərlə müğənni üzərində aparılan araşdırma diqqətçəkən bir həqiqəti üzə çıxarıb. Nəticələrə görə, şöhrət məşhur musiqiçilərdə erkən ölüm riskini artırır və onların ömür uzunluğunu orta hesabla 4,6 il qısaldır.

Qaynarinfo xəbər verir ki, Almaniyadakı Witten/Herdecke Universiteti tərəfindən aparılan araşdırmada 1950–1990-cı illər arasında aktiv olan 324 məşhur solo və ya qrup solisti eyni yaş, cinsiyyət, milliyyət və musiqi janrına malik, lakin daha az tanınan 324 digər sənətçi ilə müqayisə edilib.

Solo ifaçıları, qrup solistləri və vokal üzvlərini əhatə edən araşdırmada məşhur adlar "Acclaimed Music” adlı reytinq saytının hazırladığı "Bütün Zamanların Ən Yaxşı 2000 Sənətçisi” siyahısına əsasən seçilib.

Nəticələrə görə, məşhur sənətçilər orta hesabla 75 yaşına qədər yaşadığı halda, daha az tanınan müğənnilər 79 yaşa qədər çatır.

Tədqiqatda populyar müğənnilərin müqayisə qruplarına nisbətən 33 faiz daha yüksək ölüm riskinə malik olduğu, musiqi qruplarının üzvlərində isə bu göstəricinin 26 faiz təşkil etdiyi müəyyən edilib.

Araşdırmaçılar erkən ölüm riskini artıran potensial amillər arasında ictimaiyyətin güclü təzyiqi, performans stresi, məxfiliyin itirilməsi, eləcə də alkoqol və narkotik maddələrə asan çıxışı qeyd edirlər.

Araşdırmanın müəllifi, şəxsiyyət və psixologiya sahəsində çalışan Prof. Dr. Maykl Dufner məşhur sənətçilərin ömürlərinin orta hesabla 4,6 il daha qısa olduğunu bildirərək, qetd edib ki, məlumatlar göstərir ki, məşhur musiqiçilər həqiqətən də erkən ölüm riski altındadırlar.

Populyar mədəniyyətdə "27 Klub” kimi tanınan və 27 yaşında həyatını itirən Amy Winehouse, Jimi Hendrix, Jim Morrison, Kurt Cobain və Brian Jones kimi məşhurlar bu vəziyyətin nümunələri arasındadır.

Son illərdə də reper Mac Miller 26, DJ Avicii 28 və One Direction qrupunun keçmiş üzvlərindən Liam Payne 31 yaşında vəfat etmişdi.

Araşdırmanın nəticələri "Journal of Epidemiology & Community Health” jurnalında dərc edilib.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->