Təyyarələr düz xətt üzrə uçmur: düz xətt kimi görünən marşrutlar əslində sferanın səthində ən qısa yol olan ortodromiyalar üzrə qurulur. Buna görə də düz xəritələrdə marşrutlar qütblərə doğru əyilən qövs kimi görünür.
Qaynarinfo-nun "Simple Flying" nəşrinə istinadən məlumatına görə, Şimal yarımkürəsində bir çox əsas şəhərlər (məsələn, Nyu-York və Honkonq, London və Tokio) elə yerləşir ki, aralarındakı ən qısa yol təbii olaraq yüksək enliklərdən - Arktikadan keçir. Bu, məsafəni yüzlərlə kilometr qısaldır, yanacağa və vaxta qənaət edir. Cənub yarımkürəsində isə coğrafiya fərqlidir.
Sidney, Yohannesburq və ya Santyaqo kimi şəhərlər elə mövqedədir ki, hətta ən qısa marşrutlar belə adətən buzla örtülü qitədən deyil, okean üzərindən keçir. Naviqasiya baxımından Antarktida üzərindən uçuş çox vaxt məntiqli olmur.
Qlobal tələbat
Arktika aviasiya mərkəzinə çevrilib, çünki dünyanın əsas iqtisadi regionları - Şimali Amerika, Avropa və Asiya - onun ətrafında cəmlənib. Bu bölgənin hava məkanı ən yüklənmişlərdən biridir.
Antarktidadaysa daimi əhali, şəhərlər və uçuşlara real tələbat yoxdur. Cənub yarımkürəsində elə az şəhər cütü var ki, qütb üzərindən birbaşa marşrutdan qazanc əldə etsin. İqtisadi əsaslandırma olmadığı üçün aviaşirkətlər bu regionda uçuşların risk və xərclərini üzərinə götürməyə hazır deyillər.
ETOPS təhlükəsizlik qaydaları və hava limanlarının olmaması
Müasir aviasiya ETOPS (Extended-range Twin-engine Operational Performance Standards) adlı ciddi normalarla tənzimlənir. Bu qaydalar təyyarənin qəza enişi üçün yararlı ən yaxın aerodromdan nə qədər uzaqlaşa biləcəyini müəyyən edir (adətən 3–5,5 saat uçuş).
Arktikada fövqəladə hallar üçün kifayət qədər ehtiyat aerodrom var: Alyaska (ABŞ), İkaluit (Kanada), Keflavik (İslandiya), Şpisbergen (Norveç) — hamısı sertifikatlaşdırılıb və laynerləri qəbul edə bilir.
Antarktidada isə sertifikatlı mülki hava limanı yoxdur. Mövcud uçuş-enmə zolaqları elmi stansiyalara məxsus buz aerodromlarıdır və mövsümə, hava şəraitinə ciddi şəkildə bağlıdır. Mühərrik sıradan çıxarsa və ya təzyiq itkisi baş verərsə, pilotların təyyarəni endirə biləcəyi yer olmur.
Ekstremal iqlim
Antarktida Arktikadan xeyli sərtdir. Bu, Yer üzünün ən soyuq və ən küləkli qitəsidir. -60°C-dən aşağı temperatur yanacağın donmasına səbəb ola bilər, meteoroloji stansiyaların azlığı isə hava proqnozlarını son dərəcə etibarsız edir.
Bundan başqa, Cənub qütbündə qütb gecəsi mümkün xilasetmə əməliyyatlarını çətinləşdirir. Arktikada isə okeanların təsiri ilə şərait daha mülayimdir və regionun meteoroloji müşahidə sistemi onilliklər ərzində formalaşıb.
Qaydalardan istisnalar
Müntəzəm reyslər Antarktidanı keçməsə də, bəzi marşrutlar (məsələn, "Qantas”ın Sidneydən Santyaqoya uçuşları) o qədər cənuba enir ki, sərnişinlər buzlu qitənin kənarını görə bilirlər. Lakin bu reyslər də Antarktidanın dərin daxili hissələrindən uzaq qalır.
Riskləri xatırladan acı bir nümunə 1979-cu ildə "Air New Zealand” aviaşirkətinin 901 saylı reysinin faciəsidir. Antarktida üzərində baxış uçuşu həyata keçirən ekskursiya təyyarəsi naviqasiya xətası və "ağ duman” şəraiti səbəbindən Erebus dağına çırpılmışdı. Hadisə nəticəsində 257 nəfərin hamısı həlak olmuşdu. Bu faciə qitə üzərində kütləvi turistik uçuşlara son qoyub.
Aydın
Şərhlər