Xəbər lenti

Moskvada rus generalının məhv edilməsinin arxasında kim dayanır? - Timoçko açıqladı
Video 16:50 22.12.2025

Moskvada rus generalının məhv edilməsinin arxasında kim dayanır? - Timoçko açıqladı

Rusiya general-mayoru Fanil Sarvarovun avtomobilinin partladılması ilə bağlı "hər şey birmənalı deyil”, çünki bu hadisənin arxasında Rusiya xüsusi xidmət orqanları da dayana bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri "24 Kanal”ın efirində Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatçılar Şurasının sədri İvan Timoçko səsləndirib.

"Bunun hansı xüsusi xidmət orqanlarının işi olduğunu bəlkə də generalların özləri də bilməyəcək. Rus generalları üçün daxili inamsızlıq və təhlükələr Ukrayna xüsusi xidmətlərinin fəaliyyətindən heç də az deyil. Məlum deyil ki, o, Rusiyada haradasa nəyəsə görə səhvə yol verib və ‘öz adamları’ tərəfindən aradan götürülüb, ya yox. Ukrayna xüsusi xidmət orqanları da Rusiya ordusundakı qatillərin aradan qaldırılması üzrə parlaq əməliyyatlar keçirməyi bacarır. Sarvarov isə Rusiya harada döyüşübsə, həmin cəbhələrin hamısında olub: Çeçenistanda, Suriyada, Gürcüstanda, Ukraynada. Bu, hərbi karyerası boyunca çox böyük fəlakətlər törətmiş bir generaldır”, – deyə Timoçko bildirib.

O əlavə edib ki, Sarvarovu bu yolla məsuliyyətə cəlb etmək istəyən çoxlu insan və strukturlar mövcuddur. Eyni zamanda qeyd edib ki, bu, rusiyalı yüksək rütbəli hərbçilərin məhv edildiyi ilk hadisə deyil.

"Rus hərbi komandirlərinin mopedləri partladılıb, maşınları partladılıb. Öz-özünə ‘intihar’ hallarını da görmüşük – iki-üç dəfə başına atəş açmaqla. Balkonlardan atılmalar, doza həddini aşma, məşuqələrlə bağlı müəmmalı ölümlər olub. Bunların hamısı olub və olacaq da. Bu da onların terrorçu və soyqırım xarakterli müharibələr aparması ilə bağlıdır”, – deyə Timoçko əlavə edib.

Xatırladaq ki, daha əvvəl Rusiya KİV-lərində Moskvada avtomobil partlayışı barədə məlumat yayılmışdı. Sonradan RF İstintaq Komitəsi avtomobildə general-mayor Fanil Sarvarovun olduğunu və partlayış nəticəsində onun həlak olduğunu açıqlayıb.

Rusiya mediasının məlumatına görə, Sarvarov 1992–2003-cü illərdə Çeçenistanda və osetin-inquş münaqişəsində döyüş əməliyyatlarında iştirak edib, 2015–2016-cı illərdə isə Rusiya ordusunun Suriyadakı əməliyyatlarında yer alıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->