Xəbər lenti

Nazirlik şirkət quran keçmiş əməkdaşını cərimələdi
Ölkə 09:30 06.03.2026

Nazirlik şirkət quran keçmiş əməkdaşını cərimələdi

Quba rayonunda yerləşən "SS-Quba 2021” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi (DƏM) Quba–Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərov tərəfindən sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

Məlum olub ki, inzibati xəta haqqında protokola əsasən, "SS-Quba 2021” MMC tərəfindən ƏMAS-a daxil edilmiş əmək müqaviləsində işçinin əməkhaqqının respublika üzrə müəyyən edilmiş minimum əməkhaqqına (400 manat) uyğunlaşdırılması barədə icrası məcburi göstəriş verilsə də, şirkət rəhbəri tərəfindən bu tələb yerinə yetirilməyib.

Nizamnamə kapitalı 10 manat olan şirkətin direktoru Babayev Ramin Fikrət oğlu məhkəmədə rəhbəri olduğu MMC-nin heç bir fəaliyyətlə məşğul olmadığını deyib: "Ona görə də pozuntu barədə hər hansı bildiriş daxil olmayıb. MMC-nin təsisçisindən başqa (yəni özündən başqa) heç bir işçisi yoxdur.”

Məhkəmənin qərarı ilə Ramin Babayev İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilib. İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq olunub. Həmin qərara əsasən, nəzərdə tutulan müddətdə qeyd edilən hüquqpozmalar aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək.

Qeyd edək ki, "SS-Quba 2021” MMC-nin direktoru Ramin Babayev 2011–2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. O, həmin illər ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Quba rayon şöbəsinin sosial sığorta sektorunda məsləhətçi vəzifəsində işləyib. İşdən çıxarıldıqdan sonra isə dəfələrlə nazirlikdən məhkəməyə şikayət verib.

Aydın
--> -->