Xəbər lenti

Naxçıvana maneəsiz dəmir yolu: Paşinyanın təklifi sülhə töhfə verə bilər?
Ekonomiks 16:55 01.02.2025

Naxçıvana maneəsiz dəmir yolu: Paşinyanın təklifi sülhə töhfə verə bilər?

"Bu əlbəttə ki, sülh prosesinə töhfə verən bir hadisədir".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə olmadığı barədə bəyanatının sülh danışıqlarına təsiri barədə danışarkən deyib. 

Ekspert bildirib ki, sülh prosesi sadəcə müqavilədəki mətnin razılaşdırılmasından ibarət deyil:

"Paralel olaraq digər prinsiplər də mövcuddur ki, onlardan biri də kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyasıdır. Yəni kommunikasiyaların açılması da sülh prosesinə töhfə verəcək bir hadisə olardı. Hər halda rəsmi İrəvan tərəfindən söz olaraq Azərbaycandan Azərbaycana keçid fəlsəfəsinin qəbul olunduğu bəyan olunub. Kommunikasiyaların açılması əlaqə, nəqliyyat, ticarət və perspektivdə iqtisadi əməkdaşlıq deməkdir. Doğrudur, bunun qarşılığında İrəvanın Bakıdan nə istəyəcəyi hələlik bəlli deyil".
 

 
Ermənistan baş nazirinin yurisdiksiyadan danışmasına isə ekspert daha çox beynəlxalq birliyə və daxili auditoriyaya hesablanmış açıqlama kimi baxır: 

"Çünki Azərbaycan heç zaman bu 44 km-lik ərazinin Ermənistanın yurisdiksiyasından çıxarılmasını tələb etməyib. Azərbaycanın Ermənistana təklifləri olub ki, maneəsiz keçidi Kalininqrad modeli əsasında həll etsin. Hansı ki, bu dəhliz Litvanın yurisdiksiyası, suveren haqları və ərazisinə hər hansı bir təhlükə törətmir. Eyni şey Ermənistanda da mövcud olacaq. Ermənistan isə təklifin guya ölkənin suverenliyini təhdid etməsi bəhanəsi ilə onu da sabotaj etdi".

Natiq Miri qeyd edir ki, Ermənistanın maneəsiz keçid məsələsində qarşılıqlılıq prinsipi tələbində də müəyyən ziddiyyətlər mövcuddur:

"Çünki Azərbaycandan Azərbaycana keçid prinsipi Ermənistana tətbiq oluna bilməz. Ona görə ki, Ermənistan Azərbaycandan keçməklə başqa bir üçüncü ölkəyə gedir. Ona görə qarşılıqlılıq prinsipi burada icra oluna bilməz".

Həmsöhbətimiz deyir ki, Azərbaycanın İrəvanın təklifinə hələlik cavab verməməsi Bakının ondan imtina etməsi anlamına gəlməməlidir: 

"Sadəcə, sülh məsələsinə kompleks şəkildə yanaşmaq lazımdır. Sülh mətni ilə bağlı iki maddə razılaşdırılmayıb. Onlar razılaşdırılmadan və mətndə qeyd olunmayan Ermənistan konstitusiyasındakı ərazi iddiaları şərtləri aradan qaldırılmayınca müqaviləni imzalamaq mümkün deyil. Yəni bir tərəfdə sülh mətninin razılaşdırılması dayanırsa, digər tərəfdə də kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi prosesi dayanır. Bunlar bir-birilə bağlı, bir-birini şərtləndirən məsələlərdir. Azərbaycanın ləngiməsində əsas qayə də məhz məsələyə kompleks yanaşma ilə bağlıdır".

Qeyd edək ki,  Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkəsinin Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə olmadığını bəyan edib: 

"Biz maneəsiz keçidə qarşı deyilik, amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil".

O xatırladıb ki, burada vacib olan məsələnin mahiyyətidir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->