Xəbər lenti

Müxalifət bələdiyyə seçkilərinə hazırdırmı? (AÇIQLAMA)
Siyasət 17:30 26.12.2024

Müxalifət bələdiyyə seçkilərinə hazırdırmı? (AÇIQLAMA)

"Bələdiyyə seçkilərinə hazırıq. Təxminən yüz nəfər namizədimiz var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu AMİP sədrinin müavini Əli Orucov partiyaların bələdiyyə seçkilərinə hazırlığı barədə danışarkən deyib:
 

 
"Bələdiyyə seçkilərilə bağlı namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası artıq yekunlaşıb. Çalışdıq ki, seçkilərdə daha çox namizədlə  iştirak edək. Təəssüf ki, prosesə çoxsaylı üzvlərimizi səfərbər edə bilmədik. Hər halda seçkidə fəal iştirak edib, bələdiyyələrdə daha çox yer qazanmaq planlarımızın tərkib hissəsidir".

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, partiya üzvləri müstəqil şəkildə namizədliyini versələr də, onlardan Müsavatın nizamnaməsini tələb edirlər:
 


"Dəqiq say barədə məlumatım yoxdur. Məsələ ondadır ki, rayon Dairə Seçki Komissiyaları namizədliyini vermək istəyən üzvlərimizdən çoxsaylı sənədlər tələb edir. Hətta Bərdə və Salyanda namizədlərimizdən Müsavat Partiyasının nizamnaməsini istəyiblər. DSK üzvlərinə partiya namizədi kimi deyil, müstəqil şəkildə iştirak etdiklərini bildirsələr də, yenə də nizamnamə tələbilə problem yaratmaqda davam edirlər. Ona görə də də təxminən 30-dan bir qədər çox namizədimiz qalıb".
 
Ümid Partiyası sədrinin müavini Taleh Əliyev isə deyib ki, namizədlərin sayı barədə hələlik əllərində yekun rəqəm yoxdur:



"Partiyamız tərəfindən Bakı şəhəri, ölkənin digər regionları, o cümlədən Naxçıvan Muxtar Respublikasındakı bələdiyyə subyektlərinə namizədlərin irəli sürülməsi prosesi davam edir. Namizədlərin irəli sürülməsi və qeydə alınma prosesi dekabrın 30-da bitəcəyinə görə, hələlik nə qədər namizədimizin qeydə alınması ilə bağlı əlimizdə yekun rəqəm yoxdur. Amma ölkə üzrə xeyli sayda namizədlərimizin irəli sürülməsi prosesi davam edir".

Qeyd edək ki, artıq bələdiyyə seçkiləri üzrə namizədliyin verilməsi və qeydə alınması prosesi başa çatmaq ərəfəsindədir. Bu həftə ərzində bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi yekunlaşmalıdır. Bu, səsvermə gününə azı 30 gün qalanadək, "Təqvim Planı"na uyğun olaraq 2024-cü il dekabrın 30-dək başa çatdırılmalıdır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->