ABŞ prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyatlar zamanı müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədiyini əsas gətirərək Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxma ehtimalını gündəmə gətirdiyi bildirilir. Uzun müddətdir ittifaqı tənqid edən və üzv ölkələri "israfçı və pulsuz istifadəçilər” kimi xarakterizə edən Trampın bu addımı Qərbin təhlükəsizlik arxitekturasında ciddi sarsıntı yarada bilər.
Qaynarinfo xəbər verir ki, onun sərt tənqidləri uzunmüddətli fikir ayrılıqlarının daha kəskin mərhələyə keçdiyini göstərir. Tramp əvvəllər də NATO-nu tənqid etsə də, son açıqlamaları mümkün ayrılıq ehtimalını ilk dəfə bu qədər açıq şəkildə gündəmə gətirib.
NATO-nun tarixi və əsas prinsipləri
NATO 1949-cu ildə Böyük Britaniya, Fransa, Kanada və Danimarka da daxil olmaqla 12 ölkə ilə yaradılıb. Türkiyə 1952-ci ildə ittifaqa qoşulub. Son olaraq Finlandiya və İsveç birliyə üzv olub. Təşkilat hazırda 32 üzv dövləti birləşdirir və əsas məqsədi kollektiv müdafiə mexanizmi yaratmaqdır.
Müqavilənin 5-ci maddəsinə əsasən, bir üzvə hücum bütün üzvlərə hücum sayılır. Bu prinsip Soyuq müharibə dövründə və sonrakı illərdə ittifaqın əsas dayağı olub. 11 sentyabr 2001 hadisələrindən sonra NATO ilk dəfə bu mexanizm çərçivəsində ABŞ-a dəstək verib və Əfqanıstan əməliyyatlarında iştirak edib.
Trampın narazılığını artıran amillər
Məlumata görə, Trampın NATO-ya qarşı sərt mövqeyinin əsas səbəbi İranla bağlı əməliyyatlarda Avropanın kifayət qədər dəstək verməməsi kimi qiymətləndirilir. O, NATO-nu "kağız üzərində pələng” adlandıraraq ABŞ-nin ittifaqdan gözlədiyi qarşılığı görmədiyini iddia edib.
Tramp həmçinin Avropa ölkələrinin müdafiə xərclərini artırmamasını və ABŞ-ı "yük altında qoymasını” dəfələrlə tənqid edib. Onun Ukrayna müharibəsinə yanaşması da NATO daxilində fikir ayrılıqlarını gücləndirib.
Avropa və ABŞ arasında gərginlik
Son illərdə Avropa ölkələri müdafiə xərclərini artırmağa məcbur qalıb. 2025-ci ilə qədər NATO üzvlərinin ÜDM-in 5 faizi səviyyəsində müdafiə xərcləri hədəfi qəbul edilib.
NATO rəhbərliyi Trampı razı salmaq üçün diplomatik addımlar atsa da, ittifaq daxilində gərginlik davam edir.
ABŞ-nin NATO-dan çıxması mümkündürmü?
Ekspertlər bildirirlər ki, 2024-cü ildə qəbul edilən qanuna görə prezidentin Senatın 2/3-nin razılığı olmadan NATO-dan çıxması çətindir. Lakin Trampın əvvəlki siyasi qərarları icra hakimiyyətinin geniş səlahiyyətlərindən istifadə edə biləcəyini göstərir.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, ABŞ tam çıxış etməsə belə, qoşunların geri çəkilməsi və komanda strukturunda dəyişikliklər ittifaq üçün ciddi nəticələr doğura bilər.
Qərb təhlükəsizlik sistemi üçün risklər
Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ-nin NATO-dakı rolunun zəifləməsi Avropanın təhlükəsizlik balansını dəyişə bilər. Bu isə Rusiya və digər qlobal aktorlar üçün yeni geosiyasi imkanlar yarada bilər.
Aydın
Şərhlər